Ərdəbil Əyaləti - Biləsuvarda qeydə alınan nikahların sayı kəskin azalıb

Ərdəbil Əyaləti - Biləsuvarda qeydə alınan nikahların sayı kəskin azalıb

GünAz TV: İran və Güney Azərbaycanda ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır. Güney Azərbaycanın əksər əyalətlərində nikah və doğum azalır, boşanma və ölüm halları isə artır.

 

Nikahların sayının kəskin azaldığı şəhərlərdən biri də Ərdəbil Əyalətində yerləşən Muğanın Biləsuvar şəhəridir. Lakin bu şəhərdə boşanma hallarının da azaldığı bildirilir.

 

Bu barədə Biləsuvar Şəhər İcra Hakimiyyətinin başçısının ictimai-siyasi məsələlər üzrə müavini Məhəmməd Əlizadə yanvarın 20-də mətbuata məlumat verib.


Əhaliyə yeni milli kartların (vəsiqə) verilməsindən danışan M.Əlizadə cari ildə (İranda yeni il Novruz bayramında başlayır) Biləsuvarda 270 nikahın qeydə alındığını bildirib. Bu rəqəm ötən illə müqayisədə 14 faiz azalma göstərir.

 

Onun sözlərinə görə, şəhərdə ötən ilə nisbətən doğum azalıb, ölüm halları isə artıb.


“Bu il Biləsuvarda 465 doğum, 163 ölüm faktı qeydə alınıb. Bu rəqəmlər ötən illə müqayisədə doğum hallarının 19 faiz azaldığını, ölüm hallarının isə 16 faiz artdığını göstərir.”- deyə M.Əlizadə bildirib.


İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində nikah sayının azalması və boşanma hallarının artmasına səbəb olub. Bundan əlavə, bir çox ailə ölkədə hökm sürən ağır iqtisadi duruma görə dünyaya övlad gətirmək istəmir. Bütün bunlar əhalinin təbii artım səviyyəsinə mənfi təsir göstərir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN