Ərdəbil Əyalətində 210 kənd kütləvi köç astanasındadı

Ərdəbil Əyalətində 210 kənd kütləvi köç astanasındadı

GünAz TV: Güney Azərbaycanın digər əyalətləri kimi, Ərdəbil Əyalətində kənd əhalisinin sayı sürətlə azalır. Bir sıra kəndlərin əhalidən təmami ilə boşalması bəzi yerli məsulların həyəcan təbili çalmasına səbəb olub.

 

Məlumata görə, Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin ictimai məsələlər üzrə rəis müavini təmsil etdiyi əyalətdə kəndlərin əhalidən boşalması məsələsinin ciddi olduğunu bildirib.

 

Yusif Xudadadi bu barədə kənd və əşayirlər günü münasibəti ilə valiliyin Rəcayi zalında keçirilən tədbirdə çıxış edib.

 

“Ərdəbil əyalətinin 400 min nəfər əhalisi 1860 kənddə məskunlaşıb. Bu əyalət əhalisinin 32 faizi deməkdir.

Təəssüflər olsun ki, kənd əhalisinin sayı azalmaqdadır. Hazırda 210 kənd kütləvi köç astanasındadır. Bu məsələ şəhərlərin həndəvərində  qeyri-yaşayış məntəqələrinin yaranmasına səbəb olur. Hesab eliyirəm ki, səlahiyyətli orqanlar, xüsusi ilə də dehyarlar (kənd əhalisinin müəyyən işlərini idarə edən seçilmiş şəxslər) kəndlərdə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətinə daha ciddi fəaliyyət göstərməlidilər.”- deyə o bildirib.

 

Y.Xudadi kənd əhalisinin köçməsi nəticəsində şəhərlərdə yaranan qeyri-yaşayış məntəqələrinin bir çox problemə yol açdığını xüsusi vurğulayıb. O bildirib ki, Ərdəbil Əyalətində kənd əhalisi şəhərə köçməyə meyillidir. Bu məsələ şəhərlərin ətrafında qeyri-rəsmi yaşayış məntəqələrinin yaradılmasına səbəb olur. Bunun nəticəsində isə cinayət hadisələrinin sayı artır. Statistik məlumata görə, cinayət hadisələrinin 80 faizi şəhər həndəvərindəki qeyri-rəsmi yaşayış məntəqələrində baş verir. Ərdəbil Əyalətində bu məntəqələrdə 20 mindən çox insan məskunlaşıb.

 

Ədliyyə İdarəsinin rəis müavini sözlərinin sonunda bildirib ki, kəndlərin əhalidən boşalmasının yeganə həll yolu bölgəyə sərmayə cəlb etmək və işsizliyi aradanm qaldırmaqdır.

 

Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Ərdəbil Əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsi, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN