Ərdəbil Əyalətində dörd nikahdan biri boşanma ilə nəticələnir

Ərdəbil Əyalətində dörd nikahdan biri boşanma ilə nəticələnir

GünAz TV: İran və Güney Azərbaycanda ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır. Güney Azərbaycanın bütün əyalətlərində nikah sayı azalır, boşanma halları isə artır. Bu vəziyyət bölgənin ənənələrinə görə tərsinə olmalıdır.

 

Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin ictimai məsələlərlə bağlı rəis müavini Yusif Xudadadi qızların problemlərinə həsr olunmuş tədbirdə təmsil etdiyi əyalətdə boşanma hallarının inanılmaz dərəcədə artdığını bildirib.

 

“Ərdəbil Əyalətində hər 4-5 nikahdan biri boşanma ilə nəticələnir. Əvvəllər isə 15 nikahdan biri boşanma ilə sonuclanırdı.

Ən ciddi ictimai problemlərə səbəb olan amil ailələrin dağılmasıdır. Bu məsələ uşaqlar, xüsusi ilə də qız uşaqlarının həyatına ciddi təsir göstərir. Biz önləyici tədbirlər almaqla boşanmaların sayını azaltmağa çalışmalıyıq. Məsələn cütlüklərə müyyən təlimlər keçirilməlidir ki, hər bir problemlə üzləşdikdə həmən ayrılmaq fikrinə düşməsinlər.”- deyə o bildirib.

 

Yusif Xudadadi

 

Ədliyyə Şöbəsinin rəis müavini işsizlik, yoxsulluq və narkomaniyanın ailələrin dağılmasındakı roluna işarə etmədən iddia edib ki, ailə üzvləri, xüsusi ilə də valdeyinlərın namaz qılması, Quran oxuması və məscidlərə getməsi ilə ailə içində mənəvi ruhu gücləndirmək və nəticə etibarı ilə boşanma hallarını azaltmaq mümkündür.

 

Qeyd edək ki, İran prezidentinin ailə məsələləri üzrə müavini Şəhindoxt Molavərdi 2017-ci ildə bildirmişdir ki, ölkədə boşanma hallarının 56 faizi norkomaniya ilə bağlıdır.

 

İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində boşanmaların sayını artırıb. Bundan əvvəl Şərqi Azərbaycan Əyaləti Qeydiyyat İdarəsinin rəisi “Nəsr” agentliyinə verdiyi müsahibədə təmsil etdiyi əyalətdə dörd nikahdan birinin boşanma ilə nəticələndiyini qeyd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN