Ərdəbil və Culfanın imam cümələrindən təhsil nazirinin irqçi açıqlamasına sərt Reaksiya

Ərdəbil və Culfanın imam cümələrindən təhsil nazirinin irqçi açıqlamasına sərt Reaksiya

GünAz TV: Ərdəbil və Culfanın imam cümələri Həsən Amuli və Salar Səncəri İranın təhsil naziri Məhəmməd Bəthayinin ana dillərinin tədrisinin təhlükəli və qadağan olduğu haqda səsləndirdiyi fikirlərə münasibət bildiriblər.

 

Həsən Amuli iyulun 20-də Ərdəbilin cümə namazı xütbələrində bu məsələyə toxunub.

 

“Allah öz nişanələrini sıralayanda dilləri də ilahi nişanələr kimi təqdim edib. Hər kəs dillərin necə formalaşmasına diqqət yetiribsə, o adam nəhayət Allaha çatıb. Allahın müdaxiləsi olmasaydı dillərin formalaşması, həmçinin onların çeşitliliyi mümkün olmazdı. Allahın nişanələrinə hörmət edib, onları qoruyub saxlamaq bizim hamımızın borcudur. Yerli dillər və bütün ana dilləri insanın məqsədini anlatmaq və duyğularını çatdırmaqdan əlavə həm də ilahi nişanə olduqları üçün xüsusi əhəmiyyət kəsb edirlər. Ona görə də onlara qarşı çıxanlar, əslində Allaha qarşı çıxmış olurlar”- deyə o bildirib.

 

Həsən Amuli

 

Məhəmməd Bəthayinin sözlərini böyük yanlışlıq adlandıran Ərdəbil imam cüməsi əlavə edib ki, “biz onun sözlərinə qarşı olmaqla yanaşı hökumət rəsmilərini ölçülü və düzgün söhbət etməyə çağırırıq. Kimsə öz təxəssüsündən kənar məsələlərə müdaxilə etməsə, belə hadisələr də ortalığa çıxmaz.”

 

Culfanın imam cüməsi Salar Səncəri isə cümə namazı xütbələrində təhsil nazirini daha sərt şəkildə tənqid edib.

 

Salar Səncəri

 

“Ölkədə bir çox problem yaşandığı halda, bu adam ana dilinin tədrisinə qadağa qoymağa çalışır. Cənab nazir, bunlar nə sözlərdir?! Türk dili bizim ana dilimizdir. Biz başqa dildə danışa bilmərik. Siz bizim ana dilimizi necə qadağan elan edə bilərsiniz?! Nə üçün məktəb və universitetlərdə xarici dillərin tədrisinə qadağa tətbiq etmirsiniz, amma bizim əhalinin ana dilini qadağan edirsiniz?! Siz ana dillərini qadağan etmək yerinə müəllimlərin irəli sürdükləri tələbləri təmin etsəydiniz, daha yaxşı olardı”- deyə o bəyan edib.

 

Culfanın imam cüməsi təhsil nazirinə xitabən vurğulayıb ki, “siz bu gün tutduğunuz vəzifəni canlarını fəda etmiş türk gənclərinin qanına borclusunuz. Onlar şərəf, qeyrət, cəsarət və kişiliyi türk dilində analarından öyrəniblər, biz heç vaxt belə bir dili inkar edə bilmərik.”

 

https://www.youtube.com/watch?time_continue=6&v=BAQf-13jrWs

 

 

Bundan əvvəl Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim də təhsil nazirinin irqçi açıqlamasına münasibət bildirərək onu pisləmişdir. “Əhali təkcə məktəblər deyil, universitetlərdə də ana dilinin tədris olunmasını tələb edir. Biz heç vaxt Azərbaycana, ana dilimizə olan eşqimizi unutmayacayıq”- deyə M.Al-i Haşim qeyd etmişdir.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına müxtəlif formalarda etiraz bildiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN