Ərdəbildə ağac daşımaq qadağan edildi

Ərdəbildə ağac daşımaq qadağan edildi

GünAz TV: Ərdəbil Əyaləti Prokurorluğu şirkətlər tərəfindən kəsilən meşə ağaclarının Ərdəbil Əyalətindən keçərək Şimal Əyalətlərinə daşınmasına qadağa qoyub.

 

Prokuror Qazi Ətəbati şənbə günü verdiyi açıqlamada bildirib ki, qonşu əyalətlərin meşə ağacları qaçaqmal kimi şimal əyalətlərinə daşınır. Bizdə olan məlumata görə, bu ağaclar Ərdəbil Əyalətinə daxil olur. Bundan sonra əyalət şəhərlərinin prokurorları qaçaqmalçılara qarşı ciddi tədbir alacaq.

 

Bundan əlavə, Ərdəbil prokuroru əyalətin Yol Polisi İdarəsi və Təbii Qaynaqlar İdarəsinə də göstəriş verib. “Ağac daşıyan bütün yük maşınları yoxlanmalı, qaçaqmala rast gəlinirsə, dərhal zəbt olunmalı və bununla bağlı təşkil olunan dosye səlahiyyətli orqanlara göndərilməlidir”- deyə göstərişdə bildirilib.

 

Qadağa qərarı azərbaycanlılar Qaradağ məntəqəsində çox sayda ağacın şimal (Gilan) bölgəsinin ağac şirkətləri tərəfindən kəsildiyinə etiraz etdikdən sonra verilib.

 

Araşdırmaların nəticəsinə görə, Azərbaycan şəhərlərində ağaclar sistemli şəkildə və Kənd Təsərrüfatı Təşkilatının rəsmi icazəsi ilə kəsilir.

 

İranın şimal məntəqəsində (Gilan Əyaləti) ağacların kəsilməsinə qadağa qoyulması və ağacın qiymətinin qalxması həyata keçirilən planın əsas səbəbləridir.

 

Kəleybərin İran parlamentindəki millət vəkili Quliullah Quluzadənin dediyi kimi, dövlət ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə 10 illik qadağa qoyub. Bu səbəbdən bir ildən çoxdur ki, şimal bölgəsinin ağac şirkətləri Qaradağ məntəqəsinə üz tutaraq müxtəlif növ ağacları dəyər-dəyməz qiymətinə alır və öz fabriklərinə daşıyırlar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN