Ərdəbildə keçmiş həyat yoldaşının üzünə kimyəvi turşu atan şəxs intihar edib – Prokuror

Ərdəbildə keçmiş həyat yoldaşının üzünə kimyəvi turşu atan şəxs intihar edib – Prokuror

GünAz TV: Avqustun 7-də Ərdəbil şəhərində kimyəvi turşu ilə hücum faktı qeydə alınıb.

 

Bu barədə “Təsnim” xəbər agentliyinin müxbirinə danışan Ərdəbil şəhərinin prokuroru Nasir Ətəbati çərşənbə axşamı günü bir qadının üzünə keçmiş həyat yoldaşı tərəfindən kimyəvi turşu atıldığını deyib.

 

“Hadisə iki il əvvəl ayrılan ər-aravada aiddir. Onların iki övladı var və uşaqları məhkəmənin qərarı ilə analarının himayəsinə verilib. Belə məlum olub ki, qadın yenidən ailə qurmaq istəyib. Bu xəbərdən narahat olan keçmiş həyat yoldaşı ona kimyəvi turşu ilə hücum edib. Hadisə nəticəsində qadın ağır yanıq xəsarəti alıb, o müalicə üçün Təbriz xəstəxanasına göndərilib”- deyə N.Ətəbati bildirib.

 

Prokuror Nasir Ətəbati

 

Ərdəbil prokuroru sözlərinin sonunda keçmiş həyat yoldaşını kimyəvi turşu hücumuna məruz qoyan şəxsin intihar edərək öldüyü xəbərini də təsdiqləyib.

 

Prokuror intiharın təfərratı və keçmiş ər-arvadın kimliyi barədə heç bir məlumat verməyib.

 

Qeyd edək ki, İranda son illərdə intiqam almaq üçün kimyəvi turşudan istifadə etmək adi bir metoda çevrilib. Bu həm də şəxsi münaqişə zəminində baş verən hadisələrlə məhdudlaşmır. Rejimin radikal tərəfdarları vaxtaşırı sözdə hicaba tam riayət etməyən qadınlara qarşı belə bir üsuldan istifadə edirlər.

İranda qadınlara qarşı belə hücumlara etiraz olaraq  dəfələrlə kütləvi aksiyalar keçirilib.

 

Qadın haqları müdafiəçiləri də İranın müxtəlif bölgələrində bu kimi hücumların sistemli şəkildə törədildiyini önə çəkirlər. Onlar hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökumətin ciddi addım atmadığından şikayətlənirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN