Ərdəbilin Bələdiyyə İdarəsi bu şəhərdə səyyar satıcıların fəaliyyətini qadağan edib

Ərdəbilin Bələdiyyə İdarəsi bu şəhərdə səyyar satıcıların fəaliyyətini qadağan edib

GünAz TV: Ərdəbildə küçə ticarəti və səyyar satıcılıqla məşğul olanların fəaliyyətinə qadağa qoyulub.

 

Məlumata görə, artıq Bələdiyyə İdarəsi, Polis əməkdaşlarının yardımı ilə şəhərdə küçə ticarəti ilə məşğul olan satıcıların mallarını toplayır, onlara işləmək icazəsi verilmir.

 

Ərdəbil Şəhər Şurasının üzvü Rəhim Ağazadə isə satıcılara qarşı tətbiq edilən qadağaya etiraz edərək bunu insafsızlıq adlandırıb.

“Bələdiyyə məmurları və polis əməkdaşlarının satıcılara qarşı təzyiqləri düzgün deyil. Bələdiyyə İdarəsi bu hərəkəti ilə Novruz bayramı öncəsi satıcıların işlərinə maneçilik yaradır”- deyə o bildirib.

 

Ərdəbil Cinayətləri Önləmə İdarəsinin rəisi Məhəmmədbağır Hacılar, Bələdiyyə başqanı Həmid Lütfüllahiyan və Ərdəbil Şəhər Şurasının sözcüsü Həbib Fəthi satıcılara tətbiq olunan qadağanı şəhərdə yaranan problemlər və ticarət obyektlərinin etirazları ilə əlaqələndiriblər.

 

Ərdəbildə küçə ticarəti ilə məşğul olanların sayı barədə dəqiq məlumat yoxdur, lakin M.Hacılar Ərdəbildə bu işlə məşğul olan mindən çox satıcının olduğunu bildirib.

 

Ərdəbil Şəhər Şurasının rəisi satıcıların üzləşdiyi problemə yaxın günlərdə baxılacağına söz verib.

 

Azərbaycan şəhərlərində sosial durumunun ağırlaşdığı dövrdə insanlara əlavə sıxıntı yaşatmaq yoxsul və zəhmətkeş təbəqəni narahat edir. Sırf məcburiyyət üzündən küçələrə düşən, çörəkpulu dərdindən səhərdən axşamadək, yağışlı-qarlı hava demədən, küçələrdə müştəri gözləyən kasıb vətəndaşların artıq belə işlərdən başqa heç bir çarəsi yoxdur. Azərbaycan əyalətlərində sərmayə yatırılmaması, dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillər iqtisadi gərginliyin əsas səbəbləri kimi qəbul olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN