“Ərdəbilin “Şəhrdari” futbol komandasını məhv etdilər” – Millət vəkili

“Ərdəbilin “Şəhrdari” futbol komandasını məhv etdilər” – Millət vəkili

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili Südeyif Bədri təmsil etdiyi şəhərin futboluna ağır zərbə vurulduğunu bildirib.

 

Ərdəbildə idman heyətlərinin iclasında danışan millət vəkili  idmanın insan sağlamlığına təsiri və onun turizm sənayesi və iqtisadi əhəmiyyətindən bəhs edərək Ərdəbil Əyalətinin müxtəlif növ idman üçün hər cür potensiala malik olduğunu, lakin bu sahədə imkanların çox məhdud olduğunu diqqətə çatdırıb.

 

“Mən Bələdiyyə İdarəsində çalışdığım zaman “Şəhrdari” futbol komandası ikinci dəstə komandaları sırasından birinci dəstəyə yüksəldi. Lakin bu komanda hazırda gərgin vəziyyətdədir, hətta üçüncü dəstədə belə rəqabət aparmaq iqtidarında deyil”- deyə Südeyif Bədri deyib.

 

Ərdəbil, Nir, Nəmin və Səreynin millət vəkili “Şəhrdari” komandası haqda gedən dedi-qodulara da toxunub. “Komandanın strukturu artıq dağıdılıb, bu baş verməməli idi. Bələdiyyə İdarəsinin komanda saxlamasına etiraz edənlər düzgün mövqe sərgiləmir. Ona görə ki, ölkə əyalətlərinin əksəriyyətində Bələdiyyə İdarələri futbol və hətta digər idman növləri üzrə komandalar saxlayır. Bizim futbol diqqətdən kənarda qaldığı üçün ağır zərbə görüb. Halbu ki, müxtəlif yaş qruplarından ibarət komandalar hazırlaya bilərdik. Bunun üçün idman salonlarının tikinti layihələrində işlərin yekunlaşması da xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, yarımçıq qalan layihələr təkmilləşdiriləcək və bu şəkildə idmanın inkişafı uğrunda müəyyən addımlar atılacaq”- deyə o bildirib.

 

Qeyd edək ki, idmanla bağlı vəziyyət Güney Azərbaycanın bütün əyalətlərində eyndir. Hətta son bir il ərzində Təbriz və Urmiyə şəhərlərində Bələdiyyə İdarəsinin dəstəyi ilə fəaliyyət göstərən komandaların ləğv edilməsi gündəmə gətirildi. Hal-hazırda həmin komandalar bir çox problemlə üzləşib, onların fəaliyyətinin davamı üçün ciddi maliyyə dəstəyinə ehtiyac var.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN