Ərdəbilli rejissor Leyla Novruzi: “Arzum “Traxtur” haqda film çəkməkdir”

Ərdəbilli rejissor Leyla Novruzi: “Arzum “Traxtur” haqda film çəkməkdir”

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərindən olan istedadlı rejissor və yazıçı Leyla Novruzi Güney Azərbaycanın “Traxtur” futbol klubu haqda film çəkmək arzusunda olduğunu bildirib.

 

O bu barədə “Mərz News” saytına verdiyi müsahibədə danışıb.

 

İlk öncə özü və yaradıcılıq fəaliyyəti haqda danışan azərbaycanlı rejissor 13, 14 yaşlarından hikayə yazmağa başladığını deyib. O uşaq yaşlarından incəsənətə meyilli olduğunu, lakin ailəsinin əvvəllər bu məsələdə onunla razılaşmadığını diqqətə çatdırıb.

 

Hal-hazırda bir neçə mövzu üzərində işlədiyini deyən L.Novruzi əsas arzularından birinin “Traxtur” komandası haqda geniş sənədli film çəkməkdən ibarət olduğunu bildirib.

 

““Traxtur” yalnız idman komandası deyil. O həm də mənim dilim və mənim millətimdir. Həmçinin bu komanda səviyyəli və anlayışlı tərəfdarlarının sayəsində dünyada böyük şöhrət qazandığı üçün önəmlidir”- deyə o bildirib.

 

Azərbaycanlı gənc rejissor bir gün bu arzusuna çatacağına ümid etdiyini vurğulayaraq qeyd edib ki, mən “Traxtur” dünyasının az da olsa, bir hissəsini işıqlandıraraq tərəfdarlarına yadigar qoymaq istərdim.

 

1989-cu ildə Ərdəbildə anadan olan Leyla Novruzi rejissor, yazıçı, şair və aktrisadır. “Mən İsmətəm” adlı sənədli, “Qara yol” bədii filminin rejissoru olan L.Novruzi bir çox mətbuat orqanında məqalələrlə çıxış edir. O iki şeir və bir hekayə kitabının müəllifidir.

 

Güney azərbaycanlı rejissor oktyabr ayında Birinci Bakı Beynəlxalq Animasiya Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN