Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Güney Azərbaycan haqda hazırladığı iki aylıq raportu BMT nümayəndəsinə təqdim edib

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Güney Azərbaycan haqda hazırladığı iki aylıq raportu BMT nümayəndəsinə təqdim edib

GünAz TV: Son iki ay ərzində Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə nümayəndəsi, o cümlədən Prof. Cavid Rəhmanla görüşürək Güney Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda geniş məlumat verib.


BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Prof. Cavid Rəhman sentyabr ayında BMT Baş Assambleyasına təqdim etmək üçün İranda insan hüquqlarının pozulması haqda geniş hesabat hazırlayır. Hesabatın əsas hissəsi İranda etniklərin hüquqları ilə bağlı olacaq.


Ərk Cəmiyyəti bu fürsətdən istifadə edərək İranda güney azərbaycanlıların hüquqları ilə bağlı hazırladığı 120 səhifəlik raportu BMT-nin xüsusi nümayəndəsinə təqdim edib.


Raportda bu məsələlərə işarə olunub:
-    Azərbaycanlıların ətraf mühit, siyasi, iqtisadi, mədəni və ictimai hüquqlarının pozulması;
-    Azərbaycanlı qadın və uşaqların hüququ;
-    Azərbaycanlılara qarşı ayrı-seçkilik və irqçi siyasətin tətbiq olunması;
-    Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarlarının döyülməsi və onların hüququnun tapdalanması;
-    Azərbaycanlı siyasi məhbusların durumu;
-    Aclıq aksiyası keçirməkdə olan siyasi məhbuslar, o cümlədən Abbas Lisaninin vəziyyəti;



Bundan əlavə, Ərk Cəmiyyəti Güney Azərbaycandan olan iki nəfərlə Prof. Cavid Rəhman arasında görüş təşkil edib. Onlardan biri İranda yaşarkən zindanda işgəncə edilib, digəri isə jurnalist kimi təzyiqlərə məruz qalıb. Güneylilər Cavid Rəhmanla Hollandiya və Avstriyada (Otriş) ayrı-ayrılıqda görüşüblər. Soydaşlarımız özlərinin məruz qaldıqları işgəncə və ayrı-seçkiliklərdən başqa Güney Azərbaycanda yaşanan problemlərə də işarə ediblər.


Prof. Cavid Rəhmanla görüşən soydaşlarımız aşağıdakı məsələlərə toxunublar:
-    Azərbaycan türklərinin ana dilində təhsildən məhrum edilməsi, onlara qarşı irqçi və asimilasyon siyasətinin tətbiq olunması;
-    Türklərin İranın kütləvi informasiya vasitələrində aşağılanması;
-    Güney Azərbaycana sərmayə qoyulmadığından bölgədə işsizliyin hökm sürməsi və bundan dolayı əhalinin İranın digər bölgələrinə köçməsi;
-    Azərbaycan türklərinin kimliyi və tarixinin təhrif edilməsi;
-    Azərbaycanda qorxulu vəziyyətin yaradılması və söz azadlığının təmin olunmaması;
-    Azərbaycanlı fəalların ozbaşına və qanunsuz şəkildə saxlanması;
-    Azərbaycanlı siyasi məhbusların acınacaqlı vəziyyəti;
-    Azərbaycanın bəzi məntəqələrinin qonşu əyalətlərə ilhaq edilməsi;
-    Azərbaycanda yoxsulluq, işsizlik və narkomaniyanın geniş yayılması;



Məlumat iyunun 6-da Ərk Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi tərəfindən yayılıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN