Evin zindanında həbs edilən təbrizli alimin normal müalicə olunmasına icazə verilmir

Evin zindanında həbs edilən təbrizli alimin normal müalicə olunmasına icazə verilmir

GünAz TV: Tehranın Evin zindanında sözdə casusluq ittihamı ilə həbs olunan azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalinin bir çox xəstəlikdən əziyyət çəkdiyi, lakin normal bir xəstəxanada müalicə almasına icazə verilmədiyi barədə məlumat yayılıb.


Son vaxtlar İsveç vətəndaşlığını qəbul edən azərbaycanlı alim Tehran məhkəməsi tərəfindən edama məhkum edilib, edam hökmü 2017-ci il dekabr ayında İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.


Alimin ailəsi onun malicəsi ilə bağlı 5 ay müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Hətta Avropa İttifaqı Parlamenti, beynəlxalq insan hüquqları təşkilatları və bəzi Avropa ölkələrinin bu haqda İrana xəbərdarlıq etməsi də İran məhkəməsinin mövqeyinə təsir etməyib, o hələ də normal müalicə almaq hüququndan məhrumdur.


Bu barədə Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehranniya “Herana” xəbər agentliyinə açıqlama verib. “Əhmədrzanın anası bir neçə dəfə Tehran Prokurorluğuna müraciət etdi, nəhayət tibbi ekspertizanın rəyi əsasında onun mütəxəssis bir həkim tərəfindən müalicə almasına qərar verildi. Bunun üçün Tehranın Taliqani xəstəxanasında iyunun 19-na vaxt ayrıldı. Xəstəxanaya alınan bilet Evin zindanı və məhkəmə məsullarına təhvil verildi. Buna baxmayaraq həbsxana məsulları onun müalicəsinə imkan vermədilər. Onlar hələ də Əhmədrzanı hərhansı özəl və dövlət xəstəxanası və ya universitetin tibbi mərkəzinə göndərməkdən imtina edir”- deyə xanım V.Mehranniya bildirib.


Əhmədrza Calali bir neçə ay ərzidə 25 kilodan çox arıqlayıb. Onun qarın ağrısı, qan hüceyrələrinin azalması, qasıq yırtığı və müxtəlif əzələ və sümük problemlərinindən əziyyət çəkdiyi bildirilir. Onun təcili müalicəyə ehtiyacı olduğu halda həbsxana və məhkəmə məsulları məhbusa bu icazəni vermir.


Hakim Abbas Cəfəri Dolətabadi 2017-ci ilin oktyabr ayında Əhmədrza Calalini casusluqda günahlandırıb. İddiaya görə, o, bəzi iranlı nüvə alimləri ilə bağlı “Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.


Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.


Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O 9 il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.


Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.


Edam hökmü oktyabrın 21-də elan olunub.


Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.
2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbs edilən Ə.Calali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



N.S




HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN