“Farsca yetərlilik” testinə qarşı Etiraz Kampaniyasına başlanılır

“Farsca yetərlilik” testinə qarşı Etiraz Kampaniyasına başlanılır

GünAz TV: Güney azərbaycanlı mədəni fəallar İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı etiraz kampaniyası keçirməyə hazırlaşır.

 

İrqçi plana qarşı Twitter fırtınası iyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Etiraz kampaniyasına dəvət edənlər bildirib ki, hər kəs Twitter səhifəsində farsca yetərlilik və dil soyqırımı Hashtag-ını yazaraq kampaniyaya qoşula bilər.

 

Bu arada ötən günlərdə Güney Azərbaycanın Meşginşəhr (Xiyav), Makı və Şot şəhərlərində məktəbə qeydiyyata alınmaq üçün müraciət edən uşaqlar üzərində “farsca yetərlilik” testinin tətbiq olunmasına başlanılıb. Makı və Şot şəhərində hələlik kimsəyə rədd cavabı verilmədiyi açıqlansa da, Meşginşəhrdə kəndli bir uşaq sözügedən testi keçə bilmədiyi üçün qüsurlu uşaqlar məktəbinə göndərilib.

 

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Plana əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı həyata keçirməyə başlayıb. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN