Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb

Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi son günlərdə Xuzistan Əalətinin Əhvaz, Abadan və s. kimi şəhərlərində ərəblərin İranda irqçiliyə qarşı keçirdikləri etiraz aksiyaları haqda dəstək bəyanatı yayıb.

 

Aprelin 1-də yayılan bəyanatda İranda qeyri-fars millətlərinin sistemli şəkildə təhqir edilməsi kəskin şəkildə pislənilib.

 

“İranın son 100 illik müasir tarixi qeyri-fars millətlərinə qarşı irqçilik siyasətinə söykənib. Pəhləvi rejimi tərəfindən başladılan siyasət islam cümhuriyyəti dövründə də davam etdirilib. Coğrafi adların dəyişdirilməsi, qeyri-fars millətlərinin dilinə qadağa qoyulması, qədim tarixi əsərlərin məhv edilməsi, Azərbaycan, Əhvaz və s. kimi yerlərdə milli kimlik və adət-ənənələrin aradan qaldırılması uğrundakı cəhdlər, həmçinin qeyri-fars millətlərinin təhqirlərə məruz qalması iddiamızın sübutudur. “Eşşək türk, kərtənkələ yeyən ərəb, qeyrətsiz şimallı, anlamaz lor və s. kimi təhqiramiz ifadələr də bu düşmənçiliyə dəlalət edir. Bütün bunlar Ariyayi (ari) mədəniyyəti əsasında “tək millət – tək dövlət” nəzəriyyəsini gərçəkləşdirməyə xidmət edir.

 

“Fitilə” verilişi, “İran” və “Tərh-i Nov” qəzetləri və digər kütləvi informasiya vasitələrində yayılan çoxsaylı məqalə və filmlərdə qeyri-fars millətləri, xüsusi ilə də türklərin hədəfə alınması, həmçinin qondarma “Azəri” sözünə edilən israr, sistemli şəkildə həyata keçirilən ayrı-seçkilik siyasətinin məqsədyönlü olduğunu göstərməkdədir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

İrqçi sistemin Teleradio Şirkətini ərəb millətinin varlığını  inkar etməkdə günahlandıran bəyanatda ərəblərin dərin milli kimlik və mükəmməl dilə malik olduqları, buna baxmayaraq İranda təhqirlərə məruz qaldıqları vurğulanıb.

 

Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi bəyanatın sonunda ərəblərin irqçiliyə qarşı keçirdiyi etiraz aksiyalarına birmənalı dəstək verdiyini vurğulayaraq İranda irqçiliyin bütün qeyri-fars millətlərinin ortaq problemi olduğunu diqqətə çatdırıb.

 

Ərəblərin etiraz aksiyası haqda geniş məlumat almaq üçün aşağıdakı xəbərə müraciət edə bilərsiniz: Xuzistanda ərəblərin İranda irqçiliyə qarşı etiraz aksiyaları davam edir, saxlanılanlar var

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN