Güney Azərbaycan şəhərlərində koronavirusa yoluxanlar var

Güney Azərbaycan şəhərlərində koronavirusa yoluxanlar var

GünAz TV: Ötən günlərdə Güney Azərbaycan şəhərlərində koronavirusa yoluxanlar və yoluxmaqda şübhəli bilinənlərin sayı barədə ziddiyətli xəbərlər yayılır.

 

Etibarlı mənbələr rejimin virusa yoluxanların sayını gizlətdiyini bildirir.

 

Artıq Ərdəbil Əyalətində iki nəfərin virusa yoluxduğu rəsmi şəxslər tərəfindən təsdiqlənib.

 

Bu barədə Ərdəbil Tibbi Universitetinin rəisi Dr. Əxəvan Əkbəri fevralın 26-ı günortadan sonra canlı yayımda Ərdəbil Əyaləti televiziyasında məlumat verib.

“Əyalətdə 28 nəfər koronavvirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəstələrdən götürülən 9 analiz barədə Tehrana məlumat göndərilib. Onlardan hal-hazırda ikinin virusa yoluxduğu məlum olub. 6-nın səhhətində hər hansı problem aşkarlanmayıb. Bir testin nəticəsi isə hələlik müəyyən edilməyib.”- deyə o bildirib.

 

Qərbi Azərbaycan Tibb Universitetinin rəisi Dr. Ağazadə də Urmiyada bir nəfərin koronavirusa yoluxduğunu təsdiqləyib. O bildirib ki, fevralın 26-da 55 yaşlı bir xanımdan götürülən analizin cavabı müsbət olub.

 

Dr. Ağazadə həmin xanımın son günlərdə Qum şəhərinə ziyarətə getdiyini diqqətə çatdırıb.

 

Zəncanın Vəliəsr xəstəxanasında tibb universitetinin öyrəncisi kimi fəaliyyət göstərən bir öyrənci isə Zəncan əyalətində 3 nəfərin virusa yoluxduğunu, onlardan birinin artıq öldüyünü bildirib.

 

Adının açıqlanmasını istəməyən öyrəncinin sözlərinə görə, fevralın 25-də onların koronavirusa yoluxduğu müəyyənləşdirilib.

 

Bu barədə GünAz TV-yə məlumat daxil olduğu bir vaxtda, Zəncan əyalətinin məsulları əyalətdə kimsənin virusa yoluxmadığını iddia edib.

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi isə bildirib ki, koronavirus şübhəsi ilə fevralın 25-də 45, bir gün sonra isə 32 nəfər Təbrizin tibb müəssisələrinə müraciət edib. Analizləri götürülənlər arasında 3 nəfərin  virusa yoluxduğu barədə şübhələr var. Tehrandan analizlərin qəti cavabını gözləyirik.

 

Yerli məsullar koronavirus şübhəsi ilə Meşginşəhrdə 3, Sarabda isə 2 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd ediblər. Virusa yoluxmaqda şübhəli bilinənlərdən biri Qum şəhərində səfərdə olub, ikisi isə evlərində Qum şəhərindən olan qonaqlar qəbul ediblər.

 

Azərbaycan Əyalisi İran rejiminin koronavirusa yoluxanlar barədə məlumatın gizlədilməsindən ehtiyatlanır. Müxtəlif etibarlı mənbələr hökumət rəsmilərinin yanlış açıqlamalar verdiyini bildirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN