Güney Azərbaycan və İranda yeni dərs ili başlayır

Güney Azərbaycan və İranda yeni dərs ili başlayır

GünAz TV: Sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayır.

 

Tədris ilində təhsil müəssisələrində milyonlarla məktəbli və öyrənci təhsil alacaq, onların əksəriyyəti qeyri-fars millətlərinin mənsublarıdır.

 

Onlar təhsil müəssisələrində öz ana dili, tarixi və milli kimliyi ilə tanış olmaq yerinə, rejimin asimilasyon siyasəti ilə üzləşir və tədricən ana dili və milli kimliyindən uzaqlaşdırılır. Şübhəsiz ki, rejimin həyata keçirdiyi asimilasyon siyasəti hər zaman nəticə vermir və buna qarşı ciddi dirənişlər müşahidə olunur.

 

İran rejimi bütün tarixi həqiqətləri təhrif edərək 30 milyondan çox Azərbaycan türkünün tarixi kimliyini inkar edir, azərbaycanlıların türk olmadığını və moğolların hücumundan sonra türk dilində danışmağa başladıqlarını iddia edir.

 

Pəhləvi rejimi kimi, islam adı altında hökmranlıq edən molla rejimi də bu günə qədər Azərbaycana qarşı inkarçı siyasətini davam etdirib. Rejim beynəlxalq qanunlara və hətta öz konstitusiyasında məhdud da olsa tanınan hüquqlara riayət etmir və qeyri-fars uşaqların ana dilinin tədris edilməsinə imkan vermir. Azərbaycanda buna qarşı uzun illərdir mübarizə getsə də hələlik heç bir nəticə əldə olunmayıb və azərbaycanlı məktəbli uşaqlar fars dilində yazıb-oxumağa məcbur edilir.

 

Son zamanların əsas şüarına çevrilən “türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil – Fars dilinə dönən deyil” və s. kimi etiraz şüarları soydaşlarımız tərəfindən hər fürsətdə dilə gətirilir. Hər il yeni dərs ili ərəfəsində Güney Azərbaycanda küçələrə ana dilində təhsil tələbi ilə şüarlar yazılır və müxtəlif bildiriş vərəqələri paylanılır. Ölkənin təhsil müəssisələrində isə xüsusi etiraz tədbirləri keçirilir.

Ana dilində təhsilə qoyulan qadağa sosial şəbəkələrdə də geniş müzakirə olunur. 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN