Güney Azərbaycan yolları can almaqda davam edir

Güney Azərbaycan yolları can almaqda davam edir

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində son iki gün ərzində bir neçə ağır yol qəzası baş verib, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

 

Aşağıda ölüm və xəsarət alma ilə nəticələnən bir neçə qəzaya işarə olunub.

İyulun 25-də Qərbi Azərbaycan Əyalətində Makı-Xoy yolunda baş verən ağır yol qəzasında 3 nəfərin öldüyü bildirilir.

Makı Yol Polisi İdarəsinin rəisi İsmailnəjadın sözlərinə görə, Qızıldağ kəndinin yaxınlığında “Pejo” markalı avtomobillə bir yük maşını toqquşub, qəza nəticəsində “Pejo”nun sürücüsü və iki sərnişini hadisə yerində ölüb.

 

Zəncan Əyaləti Yol Polisi İdarəsinin rəis müavini Əzimi isə iyulun 25-də verdiyi açıqlamada təmsil etdiyi əyalətdə 24 saat ərzində 9 yol qəzasının baş verdiyini deyib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Əhali arasında “ölüm caddəsi” adlanan Əhər-Təbriz yolunda isə 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Peykan”, “Prayd” və “Ardi” markalı minik avtomobillərinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan sərnişinlər ambulanslarla İmam Rza Xəstəxanasına çatdırılıb.

 

Həmədan Əyalətində yerləşən Famənin şəhərində iki yol qəzasında 2 nəfərin öldüyü və 5 nəfərin xəsarət aldığı bildirilir.

Famənin Polis İdarəsinin rəisi Heydərinin verdiyi açıqlamaya görə, Famənin-Həmədan yolunda “Pejo Pars” və “Ardı” markalı avtomobillər toqquşub, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir qadın sərnişin isə həlak olub.

Polis rəisinin verdiyi məlumata görə, Həmədan-Savə yolunda bir “Nissan” markalı pikap maşını naməlum səbəbdən yoldan çıxaraq aşıb, qəza nəticəsində 31 yaşlı qadın sərnişin ölüb, sürücü isə ağır xəsarət alıb.

 

Qəzvin Əyaləti Yol Polisi İdarəsinin rəisi Beygləri isə təmsil etdiyi əyalətdə bu gün 3 yol qəzasının baş verdiyini, qəzalar nəticəsində 3 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, Avəc şəhərində baş verən yol-nəqliyyat hadisəsində bir “Pejo” markalı avtomobil yoldan çıxaraq aşıb, hadisə nəticəsində avtomobilin sürücüsü həlak olub, 50 yaşlı qadın və 8 yaşlı uşaq sərnişin isə bədən xəsarəti alıb.

“Buin Zəhra-Qəzvin” yolunda isə bir “Pejo” minik avtomobil ilə “Volvo” markalı yük maşını toqquşub, “Pejo”nun sürücüsü aldığı xəsarətlərdən hadisə yerində keçinib.  

Polis rəisinin sözlərinə görə, “Buin Zəhra” şəhərində ölümlə nəticələnən daha bir qəza baş verib. Məlumata əsasən, Arasənc kəndi yaxınlığında yerləşən asfalt zavodunda bir buldozer naməlum səbəbdən aşıb, hadisə nəticəsində ağır xəsarət alan sürücü qısa müddət sonra keçinib.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN