Güney azərbaycanlı professor ard-arda 5-ci dəfə dünyanın seçilən alimləri sırasında yer alıb

Güney azərbaycanlı professor ard-arda 5-ci dəfə dünyanın seçilən alimləri sırasında yer alıb

GünAz TV: Güney azərbaycanlı professor,  Mühəqqəq Ərdəbili Universitetinin elmi heyətinin üzvü Hüseyn Şaiqi ard-arda 5-ci dəfə dünyanın 100 seçilmiş alimi sırasında qərarlaşıb.

 

Bu barədə məlumat verən Mühəqqəq Ərdəbili Universitetinin rektorunun tədqiqat və texnologiyalar üzrə müavini Əbülfəz Bezaətpur bildirib ki, Elm və Texnologiya Regional Məlumat Mərkəzinin məlumatına görə, universitetin texnologiya və mühəndislik fakültəsinin müəllimi Hüseyn Şaiqinin Tomson Reuters Fondunun qabaqcıl elm adamları bazası tərəfindən yayılan məlumatlarda dünyanın 100 üstün alimi sırasında yer aldığı qeyd edilib.

 

O bildirib ki, seçim zamanı Əsas Elm Göstəriciləri Sistemi və Veb Elm kimi bazalardakı indekslərdən istifadə edilib. Əbülfəz Bezaətpur qeyd edib ki, seçimlər zamanı müəlliflərin məqalələrinə edilən istinadların sayı mühüm rol oynayan amillərdən biri kimi dəyərləndirilir.

 

Qeyd etmək lazımdır ki, bakalavr pilləsini Xacə Nəsirəddin Tusi Universitetində başa vuran Hüseyn Şaiqi magistr və doktor dərəcəsini müvafiq olaraq “Əmir Kəbir” Sənaye Universiteri və İran Elm və Sənaye Universitetindən əldə edib.

 

Onun əldə etdiyi böyük uğurlardan öz sahəsinə aid 7 kitabını, 2 ixtirasını və beynəlxalq dərgilərdə çıxan 200-dən artıq elmi məqaləsini göstərmək olar.

 

Alimin əsas tədqiqatlarını yenidən qurulmuş elektrik sistemlərində dinamiklik, suni intelektin nəzarətdə tətbiqi, enerji sistemlərinin istismarı və planlaşdırılması və digər bu kimi səhələr təşkil edir.

 

Üstün elm adamlarının seçilməsi meyarı onların yazdıqları elmi əsər və məqalələrə edilən istinadlara əsaslanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN