Güney azərbaycanlı taekvondoçu qadının mühacirətdən sonra yazdığı sözlər: “Mən repressiyaya məruz qalan milyonlarla qadından biriyəm...”

Güney azərbaycanlı taekvondoçu qadının mühacirətdən sonra yazdığı sözlər: “Mən repressiyaya məruz qalan milyonlarla qadından biriyəm...”

GünAz TV: İrana olimpiadada tarixi medal qazandıran güney azərbaycanlı qadın taekvondoçu Kimya Əlizadə ötən günlərdə Avropaya mühacirət etdikdən sonra öz həyatı və İranda qadın hüquqları ilə bağlı İnstaqram səhifəsində diqqətçəkən post paylaşıb.


Mediada onun Hollandiyada qalıb və bu ölkənin bayrağı altında yarışlara qatılacağı barədə xəbər yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri onu vətənini satmaqda, bəziləri isə riyakarlıqda ittiham etdilər.


İdmançı bu barədə öz səhifəsində bir mətn paylaşıb:
“Deyillər ki, artıq Kimya heç nə edə bilməyəcək. Mən isə biraz da irəli gedib, bundan əvvəl də heç kim olmadığımı deyirəm.
Kimya Əlizadə nə çempiondur, nə tarix yaradan, nə də ki, İran karvanının bayraqdarıdır! Mən İranda repressiyaya məruz qalan milyonlarla qadından biriyəm. Uzun illər mənə qarşı istədikləri kimi davrandılar. İstədikləri yerə apardılar, tələb etdikləri kimi geyindim. Hansı cümləni əmr etdilərsə, onu da təkrar etdim. İstədikləri zaman məni müsadirə etdilər. Qazandığım medalları məcburi hicabın nəticəsi adlandırıb, öz idarəçilikləri ilə əlaqələndirdilər.
Mən onlar üçün önəmli deyildim. Əslində heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirik. Biz onların əlində bir vasitəyik. Yalnız qazanılan dəmir medallar onlar üçün önəmlidir. Ona görə ki, bizdən istədikləri qiymətə alıb onunla siyasi qazanc əldə edirlər. Bununla yanaşı həm də təhqir edərək bildirirlər ki, qadın üçün ayaqlarını uzatmaq fəzilət sayılmır.”- deyə o bildirib.


İdmançı qeyd edib ki, İranda olduğu zaman televiziya verilişində ondan müəyyən suallar soruşublar. O məhz həmin suallara cavab vermək üçün verilişə dəvət olunub.
Azərbaycanlı taekvondoçu İranda olduğu zaman müsahibələrində məcburi hicabı müdafiə etməyə vadar edilib.


Kimya Əlizadə onu tənqid edən Hadi Saiyə xitabən yazıb ki, mən buraya gəlmişəm ki, sizin kimi olmayım və sizin getdiyiniz istiqamətdə hərəkət etməyim. Mən sizin rəftarlarınızın müəyyən hissəsini təqlid etsəydim, sizdən daha çox sərvət və qüdrətə çata bilərdim. Mən bütün bunlara arxa çevirdim. Ona görə ki, mən bir insanam və insan olaraq da qalacam.


Kimya Əlizadə cəmiyyətdə patriarxal dəyərlərin hökm sürdüyünə də deyinib. “Siz patriarxal düşüncənizlə hər zaman fikirləşdirdiniz ki, Kimya qadındır, onun dili yoxdur! Mənim incimiş ruhum sizin dar görüşlü siyasi lobbilərinizin çirkli iqtisadi kanallarına sığmaz. Mən taekvondo idmanı, təhlükəsizlik, şad və sağlam həyatdan başqa dünyadan heç nə istəmirəm.”- deyə o əlavə edib.


Azərbaycanlı idmançı İran əhalisinə belə bir mesaj da ünvanlayıb: “İranın əziz və müsibətlə üzləşən əhalisi, mən fəsad və yalan üzərində qurulan tərəqqi pilləkanı ilə yüksəlmək istəmədim.”


Azərbaycanlı idmançının qeyd etdiyi problemlər və ayrı-seçkilik siyasəti ilə əlaqədar vaxtaşırı güney azərbaycanlı və iranlı idmançılar ölkəni tərk edir. Son vaxtlar İrandan Avropaya üz tutan idmançıların sayı daha çox artıb.


Kimya Əlizadə Kərəc şəhərində doğulub. Onun anası Ərdəbil, atası isə Təbrizin Zunuz şəhərindəndir. O 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında tarixi nailiyyətə imza atıb. Azərbaycanlı idmançı İran tarixində qadın olaraq ilk dəfə Olimpiya Oyunlarında medal qazanıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN