Hadi Bahaduri Azərbaycanda ağacların kəsilməsi, Urmu gölü böhranı və ana dilinin tədrisi ilə bağlı xəbərdarlıq edib

Hadi Bahaduri Azərbaycanda ağacların kəsilməsi, Urmu gölü böhranı və ana dilinin tədrisi ilə bağlı xəbərdarlıq edib

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili aprelin 16-da parlamentdə etdiyi çıxışında Güney Azərbaycana aid bir neçə önəmli məsələ ilə bağlı xəbərdarlıq edib.

 

Hadi Bahaduri əsasən Azərbaycanın şəhər və kəndlərində  ağacların kəsilməsi, Urmu gölü böhranı və ana dilinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsi ilə əlaqədar danışıb.

 

“Mənim birinci xəbərdarlığım cənab prezidentə olacaq. Cənab prezident, sizin sosial-məişət məsələləri ilə bağlı proqramlarınız əhalinin ehtiyaclarına cavab vermir. İstehsal, ixracat, idxalat və dağıtım sisteminizdə ciddi çatışmazlıqlar var. Bir gün kartof, başqa bir gün isə soğan bahalaşır. İdxal və ixrac edilən məhsullarla bağlı hər gün yeni bir qanun qəbul olunur. Qiymətlər heç bir şəkildə sabitləşmir. Ona görə də bu məsələlərə yenidən baxılmalıdır.”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Millət vəkili ölkədə baş verən sel böhranına da işarə edib. “Hörmətli daxili işlər naziri cənab Rəhmani Fəzli, bu yağıntılar göstərdi ki, siz böhranları idarə etməyə laqeyd yanaşırsınız, bu məsələ nazirliyin diqqət mərkəzində deyil. Biz hazırda idarəçilik məsələsində böhrana düçar olmuşuq. Əhalinin könüllü yardımları olmasaydı, bu gün ölkə çox pis vəziyyətə düşə bilərdi. Ona görə də parlament bu məsələyə müdaxilə etməlidir.”- deyə Hadi Bahaduri öz çıxışında əlavə edib.

 

Azərbaycanlı millət vəkilinin xəbərdarlıq etdiyi digər məsələ Güney Azərbaycanda ağacların kəsilməsi ilə bağlı olub. O bildirib ki, Azərbaycanda ağacların kəsilməsi getdikcə geniş vüsət alır. Bu işin hansı mafiya tərəfindən həyata keçirildiyi və nəyə xidmət etdiyi anlaşılmaz məsələdir.

 

Hadi Bahaduri Urmu gölü böhranı ilə bağlı isə bu sözləri deyib: “Vurğulayacağım digər mövzu, Energetika və Kənd Təsərefatı nazirlərinə xəbərdarlıqla bağlı olacaq; Urmu gölü bərpa olunmayıb. Ona görə də əhaliyə yalan məlumat verməyin. Son yağıntıların nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər qalxıb, lakin gölün bərpa olunması üçün suyun səviyyəsinin hələ 3 metr qalxması lazımdır. Ona görə də Urmu Gölünü Canlandırma Mərkəzi işlərini sürətlə davam etdirməlidir.”

 

Millət vəlili konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı isə təhsil nazirinə xəbərdarlıq edib. “Cənab Bəthayi, siz parlamentdə etimad səs verməsində söz verdiniz və bildirdiniz ki, artıq türkcə kitablar çap olunub və hazır vəziyyətdədir. Bu sözün üstündən bir il keçir, lakin 15-ci maddənin icrasından heç bir xəbər yoxdur. Xahiş eliyirəm qarşıdakı yeni dərs ilində məktəblərdə türk dilinin tədris olunmasına şərait yaradılsın”- deyə Hadi Bahaduri təkidlə vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN