Hadi Bahaduri parlamentdə dedi: Bölgəyə sırınmış vali böhran yaradır, Azərbaycan əhalisi rəsmilərin şəkil və əlini öpməyə öyrəşməyib

Hadi Bahaduri parlamentdə dedi: Bölgəyə sırınmış vali böhran yaradır, Azərbaycan əhalisi rəsmilərin şəkil və əlini öpməyə öyrəşməyib

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri mayın 5-də parlamentdə etdiyi çıxışında Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisini tənqid atəşinə tutub.

 

Ötən günlərdə fəhlə və zəhmətkeşlər günü münasibəti ilə keçirilən tərbirdə millət vəkili ilə Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari ilə arasında ciddi mübahisə yaranmışdır. Mübahisə zamanı millət vəkili valiyə Azərbaycanda qonaq olduğunu xatırladaraq ona qonaq kimi hörmətini saxlamağı tövsiyyə edib. O həmçinin özünü bölgənin hakimi adlandıran yerli olmayan valiyə sərt xəbərdarlıq edərək ona əhalinin xadimi olduğunu bildirib. Məhəmməd Mehdi Şəhriyari isə millət vəkilini maliyyə pozuntularına yol verməkdə ittiham edib. Hadi Bahaduri iclasda dediyi kimi, parlamentdə və mətbuata verdiyi müsahibələrdə də buna kəskin reaksiya verib. O bildirib ki, vali səsləndirdiyi ittihamı sübut etməsə, şərəfsizdir!

 

Azərbaycanlı millət vəkili parlamentdəki çıxışında valinin Qərbi Azərbaycanda apardığı ayrı-seçkilik siyasəti və digər hərəkətləri barədə ölkə prezidenti Həsən Ruhani və daxili işlər naziri Rəhmani Fəzliyə səslənib.

 

 

“Cənab Rəhmani, bütün tövsiyyələrə rəğmən sizin yerliniz həssas və sərhədyanı Qərbi Azərbaycana vali təyin olundu. O indi millət vəkilini yalan ittiham və böhtanlara məruz qoyur, onu maliyyə pozuntularına yol verməkdə günahlandırır. Təbii ki, bundan əvvəl dediyim kimi, iddia etdiyi ittihamı sübut etməsə, şərəfsizdir!

Vali və ya hər məsulun maliyyə pozuntuları ilə bağlı iddiası varsa, bu barədə dərhal məhkəməyə müraciət etməlidir. Lakin belə ittihamların mətbuatda səsləndirilməsi ictimaiyyəti təşvişə salmaq və əhalidə ümidsizlik yaratmaqdan başqa heçnə deyil. Əgər sizin valiniz belə bir fakta rast gəlibsə və iki il müddətində məhkəməyə müraciət etməyibsə, o zaman qanunu pozub. Yox, əgər dediyinə əmin deyilsə, o zaman niyə insanları etibardan salır!

Vali əhali arasında birlik yaratmalıdır. Lakin sizin valiniz əyalətin millət vəkillərinin birliyinə mane olur və cəmiyyəti qütbləşdirir.

Valinizin bölgə ilə heç bir tanışlığı yoxdur və mütaliə etmədən yanlış açıqlamalar verir. Bununla da ictimaiyyətdə böhran yaradır və böyük türk və kürd qövmləri arasında ixtilafı gücləndirir.

Sizin valiniz iqtidarla müstəbidliyin fərqini bilmir.”- deyə o daxili işlər nazirinə xitabən dilə gətirdiyi sözlərin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=172&v=NKZBwbrR4Oc

 

Hadi Bahaduri Qərbi Azərbaycana sırınmış valinin qəbuledilməz hərəkətləri ilə bağlı ölkə prezidentinə də səslənib.

“Cənab Ruhani, müdirlərin ziyanlı bidətlərinə son qoymaq lazımdır. Biz də maliyyə pozuntularına qarşı mübarizə aparmağın tərəfdarıyıq. Lakin kimsə bu şüarla öz bacarıqsızlığının üstünü örtməməlidir. Biz icazə verməyəcəyik ki, əvvəlkilər kimi “deyərəm deyərəm” dönəmi bir daha təkrar olunsun.

Qərbi Azərbaycan valisi son bir ildə bir çox böhrana səbəb olub. O verdiyi yanlış açıqlamaları ilə müxtəlif böhranlar yaradır.

Sizin valiniz özünü əhalinin hakimi deyil, xadimi bilməlidir. Vali aşağı rütbəli müdirlərə də təzyiq göstərməməlidir. Əks halda onlar da tutduqları vəzifəyə görə parlament və millət vəkilinə hörmətsizlik edir.

İran Statistika Mərkəzinin məlumata görə, Qərbi Azərbaycanda işsizlik səviyyəsi 1394-cü ildən 1397-ci ilədək (hazırda İranda 1398-ci ildir) 10.9-dan 14.7-yə çatıb. Sizin valiniz isə hətta rəsmi statistik məlumatı belə qəbul edə bilmir. Onun əyalətin idarə olunması üçün heç bir proqramı da yoxdur.

Azərbaycan əhalisi rəsmilərin şəkil və əlini öpməyə öyrəşməyib və belə bir təhqirə dözə bilməz. Mən təbii ki, qonağa hörmətlə bağlı Azərbaycanın yüksək mədəniyyətini göstəmək üçün tədbirdə bu məsələyə çox sərt reaksiya vermədim.”- deyə o prezident Həsən Ruhaniyə xitabən deyib.

 

Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, valinin təhqir və böhtanları, həmçinin ictimaiyyəti təşvişə salmaq kimi hərəkətləri ilə əlaqədar qanun çərçivəsində rəftar edib, lazımi yerlərə müraciət edəcək. Millət vəkili daxili işlər nazirinin parlamentə çağırılaraq suallara cavab verməsini də tələb edəcəyini bildirib.

 

Millət vəkili Məhəmməd Mehdi Şəhriyari ilə arasında olan mübahisə ilə bağlı “Məclis və Azərbaycan” saytına da danışıb. Mübahisənin səbəblərini izah edən Hadi Bahaduri vurğulayıb ki, vali Azərbaycan millətinə hörmətsizlik edib. Kimsənin özünü Azərbaycana hakim hesab etməsi qəbul edilməzdir. Azərbaycan əhalisi hakim deyil, xadim istəyir.

Millət vəkili kürd kökənli valinin Qərbi Azərbaycanın türk məsullarını işindən uzaqlaşdırmaq məsələsinə də toxunub.

“Əgər təhdid etmək və müdirləri işindən uzaqlaşdırmaq kimi fikriniz varsa, onu bilin ki, biz türkük. Bizim qeyrətimiz icazə verməz ki, kimsə bizə qarşı belə hərəkətlər etsin.

 

Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Bölgəyə sırınan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi radikal mövqeyi ilə seçilib.

Məhəmməd Mehdi Şəhriyari radikal mühacir kürdləri önəmli postlara təyin etməsi, Azərbaycan komandalarından fərqli olaraq kürd idman komandalarına dəstək verməsi və bölgənin kürdləşdirilməsi prosesində böyük rol oynaması ilə dəfələrlə Azərbaycan mətbuatının gündəminə düşüb.

 

Hadi Bahaduri və Məhəmməd Mehdi Şəhriyari arasında baş verən mübahisənin təfərrüatı barədə daha geniş məlumat əldə etmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi ilə mübahisə edib: “Siz burada qonaqsınız...”

 

N.S

 

 

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN