Hadi Bahaduri: Təhsil naziri parlamentə çağrılacaq / Şəhabəddin Bimiqdar: Türk dili rəsmən tanınmalıdır

Hadi Bahaduri: Təhsil naziri parlamentə çağrılacaq  / Şəhabəddin Bimiqdar: Türk dili rəsmən tanınmalıdır

GünAz TV: Azərbaycanlı millət vəkillərinin qeyri-fars dillərinin tədrisinə qarşı çıxış edən İranın təhsil naziri Məhəmməd Bəthayiyə qarşı etirazları davam edir.

 

Məlumata görə, Urmiyənin millət vəkili Hadi Bahaduri ikinci dəfə olaraq məsələyə münasibət bildirib. O bu barədə “Nəsr” agentliyinə danışıb.

 

“Cənab Məhəmməd Bəthayinin sözləri insana Rzaxan dövrünü xatırladır. O zaman məktəblərdə hətta ana dilində danışmaq belə qadağan edilmişdir. Türk dili İran əhalisinin 40 faizinin dilidir. Bu dil lüğət dairəsi, fel, tarix və s. nöqteyi-nəzərindən ölkənin ən güclü dilidir, ona görə də böyük mənəvi sərvət kimi qorunub saxlanılmalıdır. Biz təhsil nazirindən fars dili ilə yanaşı yerli dillərin tədrisini azad edən konstitusiyanın 15-ci maddəsinin icrasını gözləyirik.

Nazirin bu sözləri yanlış təfəkkürdən irəli gəlir və çox təəssüfvericidir. Bütün qövmlərə hörmət olunmalıdır. Belə açıqlamalar Azərbaycan əhalisinin canfəşanlıqlarına düzgün qarşılıq ola bilməz. Biz hələ də türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına çalışırıq. Dövlət bunu etməklə 15-ci maddənin icrasına şərait yaratmalıdır”- deyə millət vəkili bildirib.

 

Hadi Bahaduri

 

Hadi Bahaduri əlavə edib ki, “bugünlərdə parlament tətilə çıxıb, deputatlar qayıtdıqdan sonra təhsil naziri mövzu ilə bağlı hesabat vermək üçün parlamentə çağrılacaq.”

 

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) millət vəkili Şəhabəddin Bimiqdar da bu barədə mətbuata danışıb. Konstitusiyanın 15-ci maddəsini xatırladan millət vəkili türk dilinin ölkədə rəsmən tanınmasını tələb edib.

 

Şəhabəddin Bimiqdar

 

“Təhsil naziri ana dillərinin tədris olunmasının qadağan olduğunu deyibsə, o zaman bu adam ölkənin düşdüyü vəziyyəti dərk etmir. Biz parlamentdə bütün qanunlar, o cümlədən 15-ci maddənin icra edilməsinə çalışırıq. Həmin maddə ölkədə yerli dillərin rəsmən tanınmasına imkan verir, ona görə də bu dillər rəsmən tanınmalıdır.

Biz iki il əvvəl ana dilinin tədrisi ilə bağlı bir layihə hazırladıq, lakin parlamentdə qəbul olunmadı. Hazırda yeni layihə üzərində çalışırıq, hazırlandıqdan sonra parlamentə təqdim olunacaq. Ötən il isə bəzi millət vəkilləri ana dilinin tədrisi ilə bağlı təhsil nazirinə xəbərdarlıq ediblər. Nazir isə bütün iclaslarda təkliflərlə razılaşdığını elan edib”- deyə Şəhabəddin Bimiqdar bildirib.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN