Həmədan basketbolu maliyyə sıxıntıları içində...

Həmədan basketbolu maliyyə sıxıntıları içində...

GünAz TV: Güney Azərbaycan əyalətlərinə hakim kəsilən iqtisadi gərginlik güclü yerli idman komandalarını ardıcıl sıradan çıxarır.

 

Son məlumata görə, Həmədan Əyalətini basketbol üzrə İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən yeganə komanda maliyyə sıxıntılarından dolayı yarışlarını davam etdirmək iqtidarında deyil.

 

Bu barədə Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Məcid Dərvişi “İsna” xəbər agentliyinə danışıb.

 

“Əsədabad komandası Həmədan Əyalətini İran çempionatı I dəstəsinin yarışlarında təmsil edən yeganə komandadır. Bu komanda yarışlarda iştirak etmək üçün ciddi maliyyə sıxıntıları ilə üzləşib.

İdman cəmiyyətlərin ictimai inkişafını göstərdiyi üçün çox önəmli məsələdir. Onun üçün də komandalara yardım edilməlidir. Bu komanda öz vəsaiti hesabına fəaliyyət göstərir, lakin məsullar Həmədan təmsilçisinin ayaqda qalması üçün yardım göstərməlidir.”- deyə o bildirib.

 

Bir neçə rəsmi orqandan az məbləğdə yardım vədi verildiyini deyən Məcid Dərviş özəl şirkətlərdən də maliyyə yardımı gözlədiyini qeyd edib. O bildirib ki, yardımlar 80 milyon tümən məbləğinə çatarsa, Əsədabad komandasının maliyyə sıxıntısı qismən də olsa, öz həllini tapacaq.

 

Qeyd edək ki, Həmədan təmsilçisinin yaşadığı maliyyə sıxıntıları Güney Azərbaycanın bütün əyalətlərinin əksər idman komandalarında yaşanmaqdadır. İran çempionatının I dəstəsinin yarışlarında super liqa yarışlarına vəsiqə qazanmaq üçün yarışan “Urmiya 90” futbol komandası ötən günlərdə maliyyə sıxıntıları ilə əlaqədar çox bacarıqlı baş məşçisini itirdi. Bu komandanın super liqaya vəsiqə qazanması olduqca real görünürdü, lakin klubun ağır maliyyə sıxıntıları ilə üzləşməsi onun gələcək fəaliyyətini sual altında qoyub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN