Həmədanlı öyrəncinin ali təhsil müəssisəsində təhsilinin davamına qadağa qoyulub - türk dili və ədəbiyyatı tədris etdiyi üçün

Həmədanlı öyrəncinin ali təhsil müəssisəsində təhsilinin davamına qadağa qoyulub - türk dili və ədəbiyyatı tədris etdiyi üçün

GünAz TV: Tehran Universitetinin Həmədandan olan azərbaycanlı öyrəncisi türk dili və ədəbiyyatını tədris etdiyi üçün doktorluq pilləsində təhsilini davam etdirə bilməyəcək.

 

Universitetin təhlükəsizlik bölümü müxtəlif yollarla Əli Mərdaninin doktorluq dərəcəsini almaq üçün dissertasiya işinin təqdim olunmasına və təhsilinin davam etdirilməsinə mane olub.

 

Tehran Universitetinin hüquq və siyasi elmlər üzrə öyrəncisi 2018-ci ilin sentyabr ayında (hicri-şəmsi təqvimi ilə 1397-ci il şəhrivər ayı), 8-ci semestrin axırlarında doktorluq dissertasiyasını müdafiə etmək istəyib, lakin məsulların mənfi cavabı ilə qarşılaşıb. Bundan sonra Əli Mərdani ustadı Dr. Əlirza Əzğəndi ilə birlikdə problemin səbəbini öyrənməyə çalışıb. Onlara universitet məsulları tərəfindən bildirilib ki, “ali təhsil müəssisələrinin baş təhlükəsizlik bölümü bu barədə göstəriş verib, Əli Mərdani növbəti xəbərdarlığa qədər elmi işini müdafiə edə bilməz.”

 

Azərbaycanlı öyrənci üzləşdiyi problemlə bağlı universitet rəhbrliyinə dəfələrlə müraciət edib. Sonda Tehran Universitetinin təhlükəsizlik bölümünün məsullarından biri bildirib ki, “universitetdən Həmədana qayıtdığın zaman, türk dili və ədəbiyyatı tədris edərkən bu məsələlər barədə düşünməli idin!”

 

Əli Mərdani yaradılan manelərdən dolayı 2018-ci ilin payızında semestr və bütün proseduru təkrar etmək qərarına gəlib. Lakin universitetin təhlükəsizlik bölümü onun yenidən qeydiyyata alınmasına imkan verməyib və təhsilinin davam etdirməsinə mane olub.

 

Mədəni fəaliyyətləri ilə seçilən güney azərbaycanlı öyrəncilər vaxtaşırı İran universitetlərində oxşar problemlə üzləşirlər. Ötən aylarda Salar Sərkəşi Marağa Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılması üçün imza topladığına görə universitetdən uzaqlaşdırılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN