“Həsən Ruhani təyyarədən Urmu gölünə baxış keçirəcək”- Millət vəkili

“Həsən Ruhani təyyarədən Urmu gölünə baxış keçirəcək”- Millət vəkili

GünAz TV: İran prezidenti Həsən Ruhani noyabrın 19-da Qərbi Azərbaycan Əyalətinə səfər edəcək.

 

Bundan əvvəl Qərbi Azərbaycan Valiliyi tərəfindən elan olunan məlumata görə, böhran içində olan Urmu gölünə baxış keçirmək prezidentin səfər proqramında yer almayıb. Bölgə əhalisi bu məsələyə etiraz etdiyi halda, Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri qəribə açıqlama ilə çıxış edib.

 

O bu barədə noyabrın 18-də “Urum News” yerli xəbər agentliyinə danışıb: “Prezident Tehrandan Xoy və Urmiyəyə təyyarə vasitəsi ilə səfər edir. Şübhəsiz ki, Urmu gölünü təyyarədən daha yaxşı müşahidə edə bilər.”

 

Millət vəkilinin verdiyi izaha görə, prezident Tehrandan Xoy şəhərinə və Xoydan Urmiyəyə hərəkət etdiyi zaman digər sərnişinlər kimi gölü müşahidə edəcək və bu, gölə baxış keçirmək kimi qəbul olunur.

 

Millət vəkilinin gözlənilməz açıqlaması azərbaycanlı internet istifadəçilərinin geniş etirazına səbəb olub. Bölgə əhalisi prezidentdən gölə yaxından baxış keçirməsini və gölün canlandırma prosesinin nədən nəticə vermədiyinə cavab verməsini tələb edir.

 

Azərbaycanlı millət vəkili o halda belə bir açıqlama verib ki, hətta İran prezidenti bölgə əhalisinin Urmu gölü böhranına etiraz etdiyini yaxşı bilir və məhz bu səbəbdən Qərbi Azərbaycan Əyalətinə səfərini Urmiyədən yox, Xoy şəhərindən başlayır. O həmçinin əsas çıxışını Xoy şəhərinin Çəmran stadionunda edəcək və bundan sonra əyalətin mərkəzi şəhəri olan Urmiyəyə yola düşəcək. Prezidentin bu qərarı şübhəsiz ki, əhalinin etirazları ilə üzləşmək istəmədiyindən irəli gəlir. Təəssüflər olsun ki, bəzi yerli məsullar Həsən Ruhaninin Urmu gölünə baxış keçirməməsini uydurma səbəblərlə izah edirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN