Həsən Ruhaninin Qərbi Azərbaycana səfəri üçüncü dəfə olaraq təxirə salınıb

Həsən Ruhaninin Qərbi Azərbaycana səfəri üçüncü dəfə olaraq təxirə salınıb

GünAz TV: İran prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycan Əyalətinə səfəri növbəti dəfə təxirə salınıb.

 

Bu barədə İran mətbuatı Qərbi Azərbaycan Əyalətinin məsullarına istinadən məlumat yayıb. Bildirilib ki, prezidentin noyabrın 14-də Qərbi Azərbaycan Əyalətinə gözlənilən səfəri gələn həftənin ortalarına təxirə salınıb.

 

Həsən Ruhaninin Qərbi Azərbaycan Əyalətinə səfəri oktyabrın 23-nə təyin olunmuşdur, lakin səfər müxtəlif bəhanələrə görə iki dəfə təxirə salınıb. Son dəfə isə səfərin təxirə salınmasının səbəbi hava şəraitinin əlverişsiz olması ilə əlaqələndirilib.

 

Həsən Ruhaninin bölgəyə səfəri o halda təxirə salınıb ki, Qərbi Azərbaycanda işsizlik problemi, bir çox sənaye və  istehsal müəssisəsinin bağlanması, Urmu gölü böhranı, uzun illərdir Urmiyə-Marağa dəmir yolu projesi kimi bir çox layihədə işlərin dayandırılması və s. kimi problemlər hökm sürür. Dövlət bu günə qədər qeyd olunan problemlərlə bağlı heç bir əməli tədbir almayıb.

 

Qeyd edək ki, Qərbi Azərbaycan Valiliyinin son günlərdə açıqladığı məlumata görə, böhran içində olan Urmu gölünə baxış keçirmək Həsən Ruhaninin səfər proqramında yer almayıb. Bu xəbər yerli əhali və bəzi millət vəkillərinin kəskin etirazı ilə qarşılanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN