Hökumət mağazaların türkcə olan adlarını fars sözləri ilə dəyişdirir – Qum şəhərində

Hökumət mağazaların türkcə olan adlarını fars sözləri ilə dəyişdirir – Qum şəhərində

GünAz TV: Qum Şəhər İslami İrşad İdarəsi “əcnəbi (xarici) adların dəyişdirilməsi” adı ilə şəhərdə mağazaların türk dilində olan adlarını fars sözləri ilə dəyişdirmək istəyir.


Artıq türk kimliyinə qarşı qurulan yeni ssenari ilə bağlı Qum İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Musa Hüseyni Kaşani xəbərdarlıq edib.

 

“Əcnəbi söz və adların qadağan olunması ilə əlaqədar 1996-cı ildə qərar qəbul olunub, lakin ciddi şəkildə həyata keçirilməyib. 1999-cu ildə isə şəhərdəki meydanlar və ümumi məkanların adlandırılmasına nəzarət işi Şəhər Şurasına tapşırılıb.

Qanundakı boşluqlara yenidən baxıldıqdan sonra yaxın zamanda ticarət obyektlərinin əcnəbi adları fars sözləri ilə dəyişdiriləcək, şəhərdə əcnəbi dillərdə olan bütün lövhələr yığışdırılacaq.”- deyə o bildirib.

 

Musa hüseyni Kaşani vurğulayıb ki, əcnəbi dildə yazılan lövhələrin yığışdırılması ilə bağlı İslami İrşad və Mədəniyyət İdarəsi məsuliyyət daşıyır. Buradan bildirmək istəyirəm ki, ilk növbədə mağaza sahiblərinə xəbərdarlıq ediləcək, növbəti mərhələdə adı əcnəbi dildə olan ticarət obyektləri möhürlənəcək.

 

İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Bələdiyyə İdarəsinin yardımı ilə təklif olunacaq 6 üsulla 6 ay ərzində sözügedən lövhələrin bütün şəhərdən yığışdırılacağına ümid etdiyini bildirib.

 

Qum əhalisinin böyük hissəsi türk olduğu üçün şəhərdə iş yerləri və ticarət obyeklərinin adlandırılmasında türk adlarına üstünlük verilir. İran rejimi şəhərdən türk kimliyini silib və onu unutdurmaq üçün müxtəlif üsullardan, o cümlədən adların dəyişdirilməsindən istifadə edir. Bu siyasət Güney Azərbaycanın bütün şəhər və kəndlərində müşahidə olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN