İsveç azərbaycanlı alim barəsində çıxarılan edam hökmünün ləğv edilməsini tələb edir

İsveç azərbaycanlı alim barəsində çıxarılan edam hökmünün ləğv edilməsini tələb edir

GünAz TV: İsveç dövləti casusluq ittihamı ilə edama məhkum edilmiş güney azərbaycanlı alim Prof. Dr. Əhmədrza Calaliyə İsveç vətəndaşlığı verib.

 

Məlumata görə, İsveç dövləti bu vasitə ilə alimin edam hökmünün ləğv olunmasını istəyir.

 

Təbrizli araşdırmaçı alim Əhmədrza Calali doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alıb.

 

Ötən həftə İran səfiri İsveçin Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq çıxarılan ədalətsiz məhkəmə hökmünün ləğv olunması tələb olunmuşdur.

 

Dr.Calalinin edam hökmü 2017-ci il dekabr ayında İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi, Ə.Calalinin İsrail dövlətinin kəşfiyyat orqanı olan “Mossad”a casusluqla bağlı etiraf etdiyi iddia edib.

 

Bundan öncə İran televiziyası azərbaycanlı alimin etirafını əks etdirən video yaymışdır, lakin müttəhim təzyiqlər altında açıqlama verdiyini dəfələrlə vurğulayıb.

 

Ötən günlərdə Tehranın İran parlamentindəki millət vəkili Mahmud Sadiqi Twitter səhifəsində Dr. Calalidən şikayət qəbul etdiyini açıqlayıb.

 

“Düşmən ölkəyə casusluq ittihamı ilə edama məhkum edilmiş Əhmədrza Calalidən mənə şikayət gəlib. İlkin araşdırmalar göstərir ki, məhkəmə prosesi zamanı ona özünü müdafiə etmək üçün yetəri qədər vaxt verilməyib. O bildirib ki, Teleradio Şirkətinə verdiyi müsahibə təzyiq altında baş tutub”- deyə millət vəkili qeyd etmişdir.

 

İran rejimi Əhmədrza Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır. Lakin müttəhim avqust ayında zindandan Beynəlxalq Əfv Təşkilatına yazdığı məktubda İran kəşfiyyatına casusluq etməkdən imtina etdiyinə görə həbs olunduğunu vurğulayıb.

 

Tanınmış alim haqda çıxarılan ədalətsiz qərar dünya ictimaiyyəti və insan haqları qurumları tərəfindən kəskin etirazla qarşılanır.

 

2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbs edilən Ə.Calali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN