Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasında Güney Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik siyasətindən danışıb

Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasında Güney Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik siyasətindən danışıb

GünAz TV: Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Dr. Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasının 40-cı iclasına qatılaraq İranda Güney Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik siyasəti haqda çıxış edib.

 

Azərbaycanlı insan haqları müdafiəçisi Cenevrədə keçirilən iclasa Avtriyadan olan bir insan hüquqları təşkilatının dəvəti ilə qatılıb.

 

“İran İslam Cümhuriyyətinin rəsmi şəxslərinin açıqlamasına görə, Sistan və Bəluçistan, həmçinin daha bir neçə əyalətdə təxminən 50 min nəfərin vətəndaşlığı yoxdur. Hazırda su qıtlığı səbəbindən öz kəndlərini buraxıb Tehran kimi böyük şəhərlərin həndəvərinə köçən sənədsiz (vətəndaşlığı olmayan) insanların sayı barədə heç bir dəqiq məlumat yoxdur”- deyə xanım Jalə Təbrizi İranda etniklərə qarşı tətbiq olunan ayrı-seçkiliklər barədə qeyd edib.

 

İnsan haqları müdafiəçisi sözlərini güney azərbaycanlı fəallara edilən təzyiqlərlə bağlı davam etdirib.

 

“Etniklərə qarşı ayrı-seçkilik yalnız onların bir məntəqədən digər məntəqəyə köçməsi ilə məhdudlaşmır. Mədəni sahədə fəaliyyət göstərən insanlar da çox ağır şəkildə cəzalandırılır. Cənab Abbas Lisani bir azərbaycanlı fəal, şair və yazıçı kimi ana dilində təhsil uğrunda fəaliyyət göstərir. O və dövlətə bağlı olmayan digər mədəni fəallar, həmçinin insan haqları müdafiəçiləri sistemin əleyhinə təbliğat aparmaq, qanunsuz qrup yaratmaq, milli təhlükəsizliyə qarşı cəhd göstərmək və s. kimi uydurma ittihamlarla üzləşirlər. Cənab Abbas Lisaninin dinc fəaliyyət göstərməsinə baxmayaraq o ədalətsizcəsinə Qərbi Azərbaycan əhalisini silahlanmağa təşviq etməkdə günahlandırılıb”- deyə xanım Jalə Təbrizi bildirib.

 

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti uzun illərdir Beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir, Cəmiyyət müxtəlif raportlar hazırlayaraq bu istiqamətdə ciddi addımlar atıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN