Kəleybərin millət vəkili: “Dövlətin bu qədər imkanı olduğu halda, yanğın zamanı bizim dadımıza çatan olmadı” - VİDEO

Kəleybərin millət vəkili: “Dövlətin bu qədər imkanı olduğu halda, yanğın zamanı bizim dadımıza çatan olmadı” - VİDEO

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanın Qaradağ meşələrində baş verən yanğına dövlətin laqeyd münasibət sərgiləməsi azərbaycanlıların və bəzi yerli millət vəkillərinin etirazına səbəb olub.

 

Kəleybərin millət vəkili Quliulla Quluzadə parlamentdəki çıxışında ölkə prezidenti Həsən Ruhaniyə şifahi xəbərdarlıq edərək bu məsələyə öz etirazını bildirib.

 

“7 gün ərzində Qaradağ meşələrində nadir bitki, ağac və heyvanların yanmasına şahid olduq. Təəssüflər olsun ki, kimsə bizim dadımıza çatmadı.

Bu qədər qışqır-bağır və yalvarmadan sonra 5 gün ərzində bizə su çiləyən təyyarə və helikopter göndərilmədi. Biz dövlətin bu qədər imkanından istifadə edə bilmədik.”- deyə o bildirib.

 

Millət vəkilli vurğulayıb ki, helikopterin yanğın bölgəsinə göndərilməsi üçün çoxlu məktublar yazılıb, hətta göstəriş də verilib. Lakin bölgə əhalisinin yardımına gələn olmadı.

 

 

Qeyd edək ki, avqustun 20-də xəbəri yayılan geniş miqyaslı yanğını söndürmək üçün bölgədə lazım olan vasitələrin olmadığından yerli məsullar Tehrandakı səlahiyyətli orqanlara müraciət edərək lazımi texnika, o cümlədən helikopter tələb etmişdir. Lakin əraziyə vaxtı-vaxtında helikopterin göndərilməməsi yanğının bir həftə davam etməsinə, ardınca Şərqi Azərbaycan rəhbərliyi, o cümlədən imam cümə, vali və bir neçə millət vəkilinin kəskin etirazına səbəb olmuşdur.

 

Xəbər bir neçə gün İran mətbuatında işıqlandırılmadı, bəzi məsullar isə yalan məlumat yayaraq yanğının söndürüldüyünü bildirdilər. Nəhayət ki, etirazlar nəticə verdi və yanğın avqustun 23-də nisbətən kontrola alınıb və söndürüldü.

 

Təbrizin İran parlamentindəki keçmiş millət vəkili Əkbər Ələmi bu məsələyə İnstaqram səhifəsində münasibət bildirmişdir.

“İranın ən gözəl meşələrindən olan Qaradağ meşələri səlahiyyətli orqanların məsuliyyətsizliyi ucbatından yanaraq sıradan çıxmaqdadır. Bu yanğın bəs nə zaman söndürüləcək?!

Təsəvvür edin ki, “Babək qalası”nda Babək Xürrəmdinin anım mərasimi keçirilir. Mərasimi dağıtmaq üçün istifadə etdiyiniz imkanlar və həssaslığınızı, yanğını söndürməkdə də göstərin.”- deyə o qeyd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN