Kənd əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir – Şərqi Azərbaycanda

Kənd əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir – Şərqi Azərbaycanda

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Mərənd məntəqəsində yerləşən Zenuzəq (“Zenuz ağa”) kəndinin əhalisi bölgədəki travertin mədənində işlərin yenidən bərpa olunmasına etiraz edir.

 

Onlar hər gün mədənin önünə toplaşaraq şirkətin fəaliyyətinin dayandırılmasını tələb edir. Yerli əhali kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən ərazidəki bulağın şirkətin fəaliyyəti nəticəsində təxrib olub sıradan çıxacağından ehtiyatlanır.

 

Etirazçılar bildirir ki, bulaq suyu olmasa, onlar kənddən köçməyə məcbur olacaq.

 

Məlumata görə, şirkət travertin mədənində ötən illərdə fəaliyyətə başlayıb, bir müddət sonra isə işlər dayandırılıb. Mədəndə iş getdiyi zaman kənd təsərrüfatında istifadə olunan su çirkləndiyi üçün kənd əhalisinin kəskin etirazı ilə qarşılanmışdır.

 

İnformasiyaya görə, mədəndə iyunun 9-da işlərə yenidən start verilib. Bundan sonra yerli əhali etiraza başlayıb.

 

Zenuzəq kəndinin yaxınlığında yerləşən bulaq uzun illərdir ki, əkinçilik və bağbanlıqda istifadə olunan suyun yeganə mənbəyidir. Kənd əhalisinin mal-qarası da həmin sudan içir. Bir sözlə 600 ailənin yaşadığı kənddə həyatın davamı həmin bulaqla bağlıdır. Bulağın suyu Zenuzəq kəndindən başqa daha üç kənddə də istifadə olunur, təxminən 5 min nəfərin keçimi birbaşa və ya dolayısı yolla həmin su vasitəsi ilə təmin olunur.

 

Ekspertlər travertin mədəninin yerləşdiyi yüksəkliklərdə hərhansı qazıntı işlərinin aparılmasını sözügedən bulağın məhv olması ilə nəticələnəcəyini bildiriblər. Təəssüflər olsun ki, hökumət orqanları, hətta yerli məsullar ekspertlərin xəbərdarlığına məhəl qoymur və kənd əhalisi üçün həyatı əhəmiyyət daşıyan məsələyə laqeyd yanaşır.

Tarixi Zenuzəq kəndi bölgənin turizm məkanlarından biri hesab olunur, kənd Şərqi Azərbaycan Əyalətinin Mərənd məntəqəsində yerləşir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN