Makıda PKK terrorçuları tərəfindən oğurlanan kişi qətlə yetirilib

Makıda PKK terrorçuları tərəfindən oğurlanan kişi qətlə yetirilib

GünAz TV: Bir müddət əvvəl Qərbi Azərbaycan Əyalətinin sərhədyanı Makı şəhərinin Pencərli kəndində PKK terrorçuları tərəfindən oğurlanan kişinin qətlə yetirildiyi bildirilir.

 

Məlumata görə, mayın 18-də oğurlanan Hüseyn Vəlilu Qızılbaş iyunun 7-də öldürülüb.

 

Terror qurbanının ailəsi bu barədə “Əncümən bi-tavan” agentliyinə məlumat verib.

“Hüseyn hər il olduğu kimi, heyvandarlıq işləri ilə əlaqədar yaylağa getdi, lakin sonra ondan heç bir xəbər olmadı. Bundan sonra PKK terrorçuları əlaqə saxlayaraq onu saxladıqlarını bildirib və sərbəst buraxılması üçün 300 milyon tümən məbləğində pul tələb etdilər. Lakin bu məbləği təmin etmək imkanımız olmadı.”- deyə Vəlilu ailəsi bildirib.

 

Onların verdiyi məlumata görə, terrorçular cümə günü əlaqə saxlayaraq saxladıqları Hüseynin öldürüldüyünü bildiriblər.

İnformasiyaya görə, artıq daşlar altında dəfn edilmiş terror qurbanının cənazəsı tapılıb. Tibbi ekspertizadan sonra onun işgəncə edildikdən sonra güllə ilə öldürüldüyü məlum olub.

 

Bu, son bir ay ərzində Makı məntəqəsində PKK terrorçuları tərəfindən oğurlanaraq öldürülən ikinci hadisədir.

 

May ayında Makı şəhərinin “Dem qışlaq” kəndində PKK-ya bağlı “Pejak” terrorçuları tərəfindən oğurlanan Tacəddin Mirzayi Atəşgah da oxşar vəziyyətdə öldürülmüşdür.

 

Terrorçular oğurladıqları şəxsin ailəsi ilə telefon əlaqəsi saxlayaraq onu buraxmaq üçün 500  milyon tümən məbləğində pul tələb etmişdir. Ailəsi həmin məbləği təmin edə bilmədiyi üçün Tacəddin Mirzayi Atəşgah terrorçular tərəfindən vəhşicəsinə işgəncə edilərək qətlə yetirilmişdir.

 

PKK və ona bağlı olan “Pejak” terror təşkilatının Qərbi Azərbaycan Əyalətində terror aktı törətməsi və insan oğurlamasına dair çoxlu faktlar var. PKK Qərbi Azərbaycan əyalətinə göz tikən digər kürd terror qruplaşmaları ilə birlikdə bölgənin kürdləşdirilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan türklərinə müxtəlif yollarla, o cümlədən terror aktları törətməklə təzyiq göstərir. Bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi İran rejiminin də gündəmində olduğu üçün terror qruplaşmaları bu vəziyyətdən sui-istifadə edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN