Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir

Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir

GünAz TV: Türk dili və ədəbiyyatı ixtisasinin yaradılması tələbi ilə imza toplayan azərbaycanlı öyrənci Salar Sərkəşi Marağa Universitetindən uzaqlaşdırıldıqdan sonra da təzyiqlərə məruz qalır.

 

Bu barədə Salar Sərkəşi Twitter səhifəsində bir mətn paylaşıb.

 

“Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetdə yaradılması ilə bağlı 925 öyrəncinin imzaladığı müraciətdən təxminən 3 ay keçir. Mən, ali təhsil müəssisəsindən kənarlaşdırılmağımı istəyən universitetin təhlükəsizlik bölümünün (Hərasət) təhdidlərindən sonra bir həftə öncə universitetdən çıxmaq prosedurunu yerinə yetirdim.

3 gün öncə isə universitetdən mənlə əlaqə saxlayıb İnzibati Komitəyə müraciət etməyimi tələb etdilər. Universitet rəhbərliyinin bu işi heç bir məntiqlə izah oluna bilməz. Universitetdən çıxan birisi hansı qanunla İnzibati Komitəyə çağırıla bilər?!”- deyə o qeyd edib.

 

Xatırladaq ki, fevralın 21-i, Beynəlxalq Ana Dili Günündə Marağa Universitetinin öyrənciləri 925 imza toplayaraq türk dili və ədəbiyyatı ixtisasının yaradılması tələbi ilə universitetin rəisinə müraciət edib. Öyrəncilərə bildirilib ki, müraciətlə bağlı səlahiyyətli qurumlar, həmçinin Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə məlumat veriləcək, böyük ehtimalla bu barədə lazımı tədbirlər alınacaq.

Lakin Marağa Universitetin məsulları nəinki öyrəncilərin tələbinin təmin olunması istiqamətində heç bir iş görməyib, hətta onları təqib və təzyiqlərə də məruz qoyublar.

 

Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetində yaradılmasını tələb edən öyrəncilərdən biri də Salar Sərkəşi olub. O müraciət edildikdən bir neçə gün sonra universitetin təhlükəsizlik bölümünün təhdidi ilə üzləşib. Ona bildirilib ki, universiteti tərk etmək üçün lazımi işləri 48 saat ərzində yerinə yetirməli və ali təhsil müəssisəsini tərk etməlidir. Əks halda universitetdən rəsmi şəkildə uzaqlaşdırılacaq.

 

Qeyd edək ki, İran  konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması sərbəstdir. Lakin bu maddə 40 ildir ki, islam cümhuriyyəti tərəfindən icra olunmur. Uzun müddət mübarizədən sonra son illərdə yalnız Təbriz universitetində türk dili və ədəbiyyatı ixtisası yaradılıb və bir neçə Azərbaycan universitetində bu ixtisas üzrə iki dərslik könüllü olaraq seçən öyrəncilərə tədris olunur. Təəssüflə, universitetlərdə türk dili ilə bağlı yaradılan məhdud imkanlardan doğru-düzgün istifadə etməyə də imkan verilmir. Davamlı olaraq problemlər çıxır və həmin dərslikləri də bir neçə dəfə ləğv etməyə çalışıblar. Bütün bunlar o halda baş verir ki, azərbaycanlı öyrəncilər ana dilində təhsil almaq üçün əllərindən gələni edir və müxtəlif orqanlara müraciət edərək bu zəmində lazımi tədbirlərin alınmasını tələb edirlər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN