Mədəni fəallar “farsca yetərlilik” testinə qarşı keçirilən Etiraz Kampaniyasında aktiv iştirak edib

Mədəni fəallar “farsca yetərlilik” testinə qarşı keçirilən Etiraz Kampaniyasında aktiv iştirak edib

GünAz TV: Xəbər verdiyimiz kimi, dünən axşam İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı internetdə etiraz kampaniyası keçirilib. 

 

İyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayan Twitter fırtınası uğurla keçib. Qeyri-fars millətlərinə mənsub sosial şəbəkə istifadəçiləri və insan hüquqları fəalları bir neçə saat ərzində 3200-dən çox Twit paylaşaraq İran rejiminin irqçi qərarına öz etirazlarını bildiriblər.

 

Hashtag-ları ilə keçirilən Twitter fırtınasında Təhsil Nazirliyinin irqçi yanaşmasına kəskin etiraz edilməklə yanaşı ana dilində təhsil tələbi də irəli sürülüb.

 

Twitter və İnstaqram Fırtınası sözügedən sosial şəbəkələrdə ümumi bir kampaniyadır. Sosial şəbəkə fəalları digər istifadəçilərin diqqətini hər hansı mövzuya cəlb etmək üçün eyni Hashtag-da məlumat paylaşırlar.

 

Ötən günlərdə Güney Azərbaycanın Meşginşəhr (Xiyav), Makı və Şot şəhərlərində məktəbə qeydiyyata alınmaq üçün müraciət edən uşaqlar üzərində “farsca yetərlilik” testinin tətbiq olunmasına başlanılıb. Makı və Şot şəhərində hələlik kimsəyə rədd cavabı verilmədiyi bildirilsə də, Meşginşəhrdə kəndli bir uşaq sözügedən testi keçə bilmədiyi üçün qüsurlu uşaqlar məktəbinə göndərilib.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Plana əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirməyə başlayıb. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN