Məhəmməd Təqəvi “Traxtur”un baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək / “AC Milan”ın keçmiş oyunçusu “Traxtur”a transfer edilib

Məhəmməd Təqəvi “Traxtur”un baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək / “AC Milan”ın keçmiş oyunçusu “Traxtur”a transfer edilib

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu 18-ci super liqa yarışlarını baş məşqçi Məhəmməd Təqəvi ilə birlikdə davam etdirmək qərarına gəlib.

 

Azərbaycan klubu Con Toşakı komandadan uzaqlaşdırdıqdan sonra Məhəmməd Təqəvini müvəqqəti olaraq uelsli məşhur baş məşqçinin yerinə təyin etdi. Məqsəd yarışların gedişatı və yeni baş məşqçinin fəaliyyətini qiymətləndirməkdən ibarət olub. Müvəqqəti baş məşqçi komandanı bir neçə ay çalışdırdı, bu müddətdə onun gələcək fəaliyyəti ilə bağlı müxtəlif xəbərlər yayıldı.

 

Məhəmməd Təqəvi baş məşqçi kimi komandada yeni fəaliyyətə başladığı zaman “Traxtur” tərəfdarları bu vəziyyətdən o qədər də razı deyildi. Lakin qısa müddətdə hər şey dəyişdi. Komanda bir neçə yarışda ardıcıl qələbələr əldə etdi, bundan sonra “Traxtur” tərəfdarları komandanın Məhəmməd Təqəvi tərəfindən çalışdırılmasını istədilər.

 

Mediada yayılan son məlumata görə, artıq klub rəhbərliyi bir neçə mütəxəssislə məsləhət etdikdən sonra Məhəmməd Təqəvinin komandada qalmasına qərar verib. O 18-ci super liqa yarışlarının sonunadək “Traxtur”un baş məşqçisi postunda çalışacaq.

 

Bu arada “AC Milan”ın keçmiş yarımmüdafiəçisi, ulduz futbolçu Kevin Constantın “Traxtur” klubuna transfer edildiyi bildirilir.

 

 

Klubun sahibi Məhəmmədrza Zenuzi cümə günü Kevin Constantla birgə şəkilini yayaraq onun Azərbaycan komandasına qoşulduğunu qeyd edib.

 

Xarici oyunçu ilə “Traxtur” klubu arasında 3.5 illik müqavilə imzalanıb.

 

Kevin Constantın 31 yaşı var. O Fransada doğulub, lakin Qvineyanın milli komandasında oynayır. Futbolçu bundan əvvəl “AC Milan”, Türkiyənin “Trabzonspor”, İtaliyanın “Bolonya” və İsveçrənin “FC Sion” klublarında oynayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN