Məhəmmədrza Xanzadə: “Azərbaycan mənim ata yurdumdur, “Traxtur”u sevərək seçdim”

Məhəmmədrza Xanzadə: “Azərbaycan mənim ata yurdumdur, “Traxtur”u sevərək seçdim”

GünAz TV: Azərbaycanın “Traxtur” futbol komandasının yeni müdafiəçisi Məhəmmədrza Xanzadə transfer edildiyi kluba ürəklə bağlı olduğunu bildirib.

 

Bu barədə “Afkar News” saytı iyunun 25-də məşhur futbolçuya istinadən məlumat yayıb.

 

Atasının Şərqi Azərbaycanın Sarab şəhərindən olduğunu bildirən M.Xanzadə bildirib ki, “Traxtur”dan təklif gəlincə vaxt itirmədən və digər klublarla müzakirə aparmadan təklifi qəbul etdim.

 

“Azərbaycan türkcəsini tam olaraq başa düşürəm. Bundan əvvəl təbrizlilərin qonaqpərvərliyi haqda çox eşitmişdim. Ötən bir neçə gün ərzində buna şahid oldum, onlar həqiqətən böyük sürpriz etdilər. Təbrizlilər Avropa şəhərlərinin əhalisi kimi, öz komandaları və oyunçularına hörmət edirlər.”- deyə “Traxtur”un yeni müdafiəçisi bəyan edib.

 

M.Xanzadə sözlərinin davamında “Traxtur”un azərbaycanlılar arasında nə qədər sevildiyinə də toxunub.

 

“Mən İranda və xaric ölkələrdə bir çox şəhərdə futbol oynamışam, amma “Traxtur” tərəfdarları kimi komanda tərəfdarlarına heç yerdə rast gəlməmişəm. Burada insanların gündəlik həyatında birinci prioritet “Traxtur” komandasıdır. Hamı bu komandaya olan eşq və məhəbbətindən danışır. Tamaşaçılarla dolu stadionlarda çox oynamışam, lakin “Traxtur” köynəyini geymək, bu komandanın rəqibləri qarşısında oynamaq mənim üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, səhənd stadionunun atmosferi hər yerdən fərqli olacaq.”- deyə futbolçu əlavə edib.

 

“Traxtur”un yeni müdafiəçisi sözlərinin sonunda komandasının Türkiyədən olan məşhur baş məşqçisi Mustafa Dənizli haqda da ümidverici sözlər deyib. O bildirib ki, cənab Dənizli çox böyük mütəxəssisdir, insan onunla birgə işləməkdən xüsusi zövq alır. Məşqlərə isə tədricən yeni oyunçular qatılmağa başlayıb.

 

Qeyd edək ki, Azərbaycanın “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi komandaya yeni güclü oyunçular cəlb edəcəyi haqda dəfələrlə açıqlama verib. Klub artıq növbəti super liqa yarışlarına hazırlaşır. Ötən günlərdə məşhur baş məşqçi Mustafa Dənizlinin “Traxtur” komandasında fəaliyyətə başlaması komanda tərəfdarlarını daha da ruhlandırıb. Gələcək günlərdə “Traxtur”a daha bir neçə güclü oyunçunun transfer ediləcəyi gözlənilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN