Millət vəkili türkmənləri təhqir edən İran Atçılıq Federasiyası rəisinin işindən uzaqlaşdırılmasını tələb edib

Millət vəkili türkmənləri təhqir edən İran Atçılıq Federasiyası rəisinin işindən uzaqlaşdırılmasını tələb edib

GünAz TV: “Qonbəd Kavus” türkmən əhalisinin İran parlametindəki millət vəkili İran Atçılıq Federasiyası rəisinin işindən uzaqlaşdırılmasını tələb edib. O bildirib ki, türkmənləri təhqir edən şəxsə qarşı lazımi tədbirlər alınmayacağı təqdirdə gəndlər və idman nazirinə parlamentdə sual ünvanlanacaq.

 

Qaraca Təyyar “Moc” xəbər agentliyi ilə danışığında ötən günlərdə türkmən əhalisinin ünvanına təhqiramiz ifadələr işlədən İran Atçılıq Federasiyası rəisi Məsud Xəliliyə sərt reaksiya verib.

“Çox təəssüflər olsun ki, islam inqilabından 40 il keçməsinə baxmayaraq hələ də bir məsul şəxs islam hökumətində ölkənin qövmlərinə qarşı təhqiramiz ifadələr işlədir. Türkmənlər belə açıqlamalara sərt etiraz edir. Onlar mənə yüzlərlə mesaj göndərərək bu şəxsin nə üçün cəzalandırılmadığını soruşur.

Biz də əhalinin istədiyini tələb edirik. Təhqirə yol verən şəxs mütləq işindən uzaqlaşdırılmalıdır. Qoy ölkədə yaşayan qövmlər və rəsmi məzhəbləri təhqir etmək istəyənlərə ibrət dərsi olsun”- deyə o bildirib.

 

Millət vəkili bu barədə gənclər və idman nazirinə məktub yazdığını diqqətə çatdıraraq vurğulayıb ki, sözügedən şəxsə qarşı ciddi tədbir alınmasa, gənclər və idman nazirini parlamentə çağıraraq ona mövzu ilə bağlı sual ünvanlanacaq.

 

O İran Atçılıq Federasiyası rəisinin yaydığı bəyanat və əhalidən üzr istəməsinə də işarə edib. “Deyəsən ölkədə yeni bir ənənə yaranıb. Məsullar hansısa xoşagəlməz bir söz deyir, sonra isə bildirirlər ki, bizim məqsədimiz o deyildi. Kütləvi İnformasiya Vasitələri bu barədə yanlışlığa yol verib. Onlar bir üzrxahlıq etməklə məsələni qapatmaq istəyir”- deyə millət vəkili qeyd edib.

 

Xatırladaq ki, ötən günlərdə İran Atçılıq Federasiyasının rəisi Məsud Xəliliyə aid Səs faylı yayılıb. Həmin materialda federasiya rəisi türkmən əhalisinin ünvanına təhqiramiz ifadələr işlədib.

“Türkmənlər atçılıq idmanını monapoliyaya alıb, onlar üsyankar olublar. Bu yoxsul və narkoman pijama geyənlərin monapoliyasını çökdürmək üçün xüsusi qrup yaranmalıdır.

Atçılıq bir lüks idman növüdür. Beynəlxalq Atçılıq Federasiyasının rəisi Dubay hakiminin (Şeyx Məhəmməd ibn Rəşid əl-Maktum) həyat yoldaşı, İordaniyanın keçmiş kralı Hüseynin qızıdır. O şahzadələr kimi davranır, lakin İranı təmsil edənlər “bir ovuc yoxsul pijama geyənlər”dən ibarətdir”- deyə o bildirib.

 

Səs Faylı yayıldıqdan sonra ölkənin türkmən əhalisi Atçılıq Federasiyası rəisinin təhqiramiz sözlərinə etiraz edərək onun işindən uzaqlaşdırılmasını tələb edirlər.

 

Məsələyə İranın milli futbol komandasının məşhur oyunçusu Sərdar Azmun da İnstaqram səhifəsində öz etirazını bildirmişdir.

“Bizim xalqımız fars, türk, bəluç və əfqanlarla birlikdə yaşayır. Türkmənlərlə bağlı irqçiliyə dəlalət edən sözləriniz bizi çox üzdü, artıq sizin adınızı belə eşitmək istəmirik. Mən sözün əsl mənasında kütləvi informasiya vasitələrindən narahatam. Necə olur ki, biz hamımız müsəlman bir ölkədə yaşayırık. Müsəlman olduğumuzu da vurğulayırıq, lakin hər gün minlərlə irqçi davranışa şahid oluruq. Belə hərəkətlərə heç bir reaksiya da verilmir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

İranda Pəhləvi dövrü və İslam cümhuriyyəti dönəmində fars irqçiliyi düşüncəsi dövlət səviyyəsində dəstəklənib. Bu səbəbdən ariya (ari) irqinin digər irqlərdən üstün olduğuna inananlar digər millətləri davamlı olaraq təhqirlərə məruz qoyur. Bu məsələ ölkədə dəfələrlə kütləvi etirazların keçirilməsinə səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN