Minlərlə türk öyrənci Həsən Ruhaniyə məktub yazaraq İranda türk dilinin rəsmi dil olmasını tələb ediblər - GÖRÜNTÜ

Minlərlə türk öyrənci Həsən Ruhaniyə məktub yazaraq İranda türk dilinin rəsmi dil olmasını tələb ediblər - GÖRÜNTÜ

GünAz TV: İranda 4 mindən çox türk öyrənci prezident Həsən Ruhaniyə məktub yazaraq ölkədə türk dilinin rəsmi olmasını tələb edib.

 

Məlumata görə, bir qrup azərbaycanlı öyrənci 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə imzatoplama kampaniyası təşkil edib. Kampaniyada toplanan imzalar öyrəncilərin məktubu ilə birlikdə İran prezidentinə göndərilib.

 

İranın hər yerində türk dilində danışıldığını qeyd edən öyrəncilər bildirib ki, “türk dili, fars dilinin malik olduğu bütün imtiyazlar və statusa malik olmalıdır. Türk dili yalnız müəyyən bir məntəqənin dili kimi qəbul olunmamalıdır.”

 

Məktubda türklərin milli və mədəni hüquqlarından əlavə İranda yaşayan digər qeyri-fars millətlərinin hüquqlarına da təkid olunub. Həmin millətlər də türklər kimi ana dilində təhsil hüququndan məhrum edilib.

 

Kampaniyanı başladan fəallardan biri, Urmiyə Universitetinin öyrəncisi Zəkərya Səfayi çərşənbə günü “Azadlıq Radiosu”na verdiyi müsahibədə toplanan imzaların 4 mindən çox olduğunu, məktub prezidentə göndərilənə qədər imzaların daha da artacağını diqqətə çatdırmışdır.

 

“Kampaniyaya qatılanların əksəriyyətini Təbriz, Urmiyə, Zəncan və Marağa universitetlərinin öyrənciləri təşkil edir. Qaşqay türkləri də bu kampaniyaya aktiv dəstək verib.

Kampaniyanı digərlərindən fərqləndirən əsas məsələ  öyrəncilərin həqiqi ad və imzaları ilə kampaniyaya qoşulmasıdır. Onlar hətta öyrənci kodu ilə də imza atıblar. Halbu ki, İranda keçirilən kampaniyaların əksəriyyəti sosial şəbəkələrdə və rəqəmsal şəkildə keçirilir”- deyə o bəyan edib.

 

Urmiyə Universitetinin öyrəncisi prezidentin müraciətə reaksiyası ilə bağlı verilən suala belə cavab verib: “Hökumətdən müsbət cavab gözləmirik. 3 il əvvəl də belə bir tədbirə əl atılmışdır, lakin heç bir nəticə əldə olunmadı.”

 

Z.Səfayi bu kampaniyanı müxaliflər və məsullar üçün bir xəbərdarlıq kimi qiymətləndirib.

 

Bu arada bir neçə azərbaycanlı fəal 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə ana dilində təhsil tələb edən plakatlar qardırıb, türk dilində təhsilə qoyulan qadağaya etirazlarını bildiriblər.

 

 

Təbriz və Tikantəpə (Tikab) kimi bir neçə Azərbaycan universitetlərində isə öyrəncilər İran rejiminin asimilasyon siyasətinə qarşı mədəni etirazlarını dilə gətiriblər.

 

İran konstitusiyasına əsasən fars dili ilə yanaşı ölkədə bütün millətlərin dilinin tədris olunması sərbəstdir. İslam inqilabından təxminən 40 il keçir, lakin konstitusiyanın 15-ci maddəsi icra olunmur. Bir çox soydaşımız isə türk dilinin tədris olunması deyil, türk dilində təhsil almağı tələb edir və bu istiqamətdə mübarizə aparır. Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində təhsil tələbi ilə həyata keçirilən tədbirlər də bu sıradandır.

 

BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilməsi tövsiyə edilib.

 

Prezidentə göndərilən məktub:

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN