Muğan Aqrosənaye Şirkətinin bu şəkildə özəlləşdirilməsi Ərdəbil prokurorunu da dilə gətirib

Muğan Aqrosənaye Şirkətinin bu şəkildə özəlləşdirilməsi Ərdəbil prokurorunu da dilə gətirib

GünAz TV: Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin olduqca aşağı qiymətə özəlləşdirilməsinə qarşı etirazlar davam edir.

 

Bölgə əhalisinin rejimin Güney Azərbaycanın iqtisadiyyatına qarşı qərarına kəskin etirazından sonra bəzi yerli məsullar da baş verən hadisəyə reaksiya verib.

 

Məlumata görə, Ərdəbil prokuroru Nasir Ətəbati bu məsələni xüsusi diqqətdə saxlayacağını açıqlayıb.

 

Nasir Ətəbati

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan prokuror bildirib ki, “Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksi ölkənin şimal-qərbində ən önəmli şirkət və iqtisadi müəssisələrdən biridir. İlkin araşdırmalara görə, onun qiyməti 2700 milyard tüməndən çoxdur.”

 

“Şirkətin özəl sektora buraxılması məsələsinin əhəmiyyətini nəzərə alaraq, biz siyasi qalmaqaldan uzaq bir şəkildə bu məsələni diqqətdə saxlayıb və araşdıracayıq. Özəlləşdirilmə prosesi ilə bağlı “şirkətin mülkiyyəti, ərazisi, fabriklər və avadanlıqlarının qiyməti”, “qanuni qaydaların riayət edilməsi” və “kompleksi alan şirkətin texniki qabliyyəti, bacarığı və maliyyə imkanları” barədə araşdırma aparılacaq”- deyə o bildirib.

 

Prokuror kompleksi özəlləşdirən şirkətin ümumi imkanları barədə bildirib ki, şirkətin maliyyə durumunun yaxşı olması çox əhəmiyyətli məsələdir. Ona görə ki, bu şirkət mövcud vəziyyəti qoruyub saxlamaqdan əlavə, şirkətdə daha çox iş fürsətləri yaratmalıdır.

 

“Muğan Aqrosənaye və Heyvandarlıq Şirkətinin özəlləşdirilməsi prosesini diqqətlə araşdıraraq sərhədyanı Parsabad əhalisinin mənafeyinin tapdalanmasına imkan verməyəcəyik”- deyə prokuror sözlərinin sonunda vəd verib.

 

İran rejimi iyul ayında Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini dəyərindən 1000 milyard tümən aşağı qiymətə özəl sektora buraxıb.

 

“Tabnak” xəbər agentliyi bu barədə yaydığı məlumatda bildirib ki, 2016-cı ildə (Hicri-şəmsi təqvimi ilə 1395-ci il) Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinə 2700 milyard tümən qiymət qoyulub, lakin ötən günlərdə min milyard tümən endirim edilərək 1700 milyard tümənə özəlləşdirilib.

“Tabnak” saytı heç bir şəxs və ya qrupun adını çəkmədən bu məsələ ilə bağlı pərdə arxasında olanları mafiya bandaları, dəllal və fürsətçilər adlandırıb.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları (2600 hektar bağ sahəsi mövcuddur) və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN