Mütəxəssislər Assosiasiyası Təbrizin tarixi şəhər infrastrukturunun təxrib edilməsi ilə bağlı bəyanat yayıb

Mütəxəssislər Assosiasiyası Təbrizin tarixi şəhər infrastrukturunun təxrib edilməsi ilə bağlı bəyanat yayıb

GünAz TV: Şərqi Azərbaycanın Binalar və Tarixi Şəhər İnfrastrukturunun Bərpası və Qorunub saxlanılması üzrə Mütəxəssislər Assosiasiyası Təbriz şəhərində tarixi infrastrukturun təxrib edilməsinə etiraz olaraq bəyanat yayıb.

 

“Təbrizin boğazından əl çəkin” başlığı ilə başlayan bəyanatda Şərqi Azərbaycan Mədəni İrs Təşkilatının fəaliyyəti kəskin tənqid olunub.

 

“Mütəxəssislərin fikrinə görə, Təbrizin mədəni və tarixi infrastrukturu ölkə və hətta dünya üzrə ən qədim şəhər infrastrukturlarından biridir, onun qorunub saxlanılmasının vacib məsələ olduğu kimsədə şübhə doğurmur.

Təəssüflər olsun ki, Mədəni İrs Təşkilatı yetəri qədər həssaslıq göstərmədiyi üçün son illərdə şəhərin infrastrukturuna müxtəlif orqanlar tərəfindən müdaxilə olunur. Bu vəziyyət davam edərsə, yaxın gələcəkdə şəhərin tarixi və mədəni kimliyinin aradan getməsinə şahid olacayıq.

Son günlərdə Təbrizin Valman məhəlləsində aparılan qazıntılar zamanı şəhərin tarixi infrastrukturunu göstərən əsərlərə rast gəlinib. Nə qədər inandırıcı olmasa da, Mədəni İrs Təşkilatının məsulları həyata keçirilən layihə və qazıntılar barədə xəbərsiz olduqlarını bildirib, onlar hadisə ilə bağlı xəbər tutduqdan sonra layihənin dayandırılması barədə qərar qəbul edib. Son illərdə Təbrizdə həyata keçirilən bir çox tikinti layihəsi şəhərin tarixi infrastrukturuna böyük ziyan vurub.”- deyə bəyanatın bır hissəsində qeyd olunub.

 

Bəyanatda əlavə olunub ki, Mədəni irs və tarixi infrastrukturu qorumalı olan Mədəni İrs Təşkilatında qeyri-mütəxəssis və siyasi personala yer verilməsi sözügedən problemin ortaya çıxmasına səbəb olan əsas amillərdən biridir. Bu təşkilatda artıq yerli mütəxəssis və peşəkar personallar təmami ilə diqqətdən kənarda qalıb. Bu zəmində əsas məsələlərdən biri də Bələdiyyə İdarəsi və digər orqanlar tərəfindən həyata keçirilən layihələrin icrasına başlamadan əvvəl onların araşdırılmamasıdır. Şübhəsiz ki, layihələrin icrasında bu məsələyə əhəmiyyət verilməməsi şəhərin tarixi infrastrukturuna böyük ziyan vurur.

 

Bəyanatın sonunda Təbrizin tarixi infrastrukturunun olduğu ərazidə bütün orqanlara aid layihələrin icrasının dayandırılması, layihələrin icrasından əvvəl istifadə etmək  üçün şəhərin qədim infrastrukturunun xəritəsinin hazırlanması, layihələrin icrasına mütəxəssislərin nəzarət etməsi və s. kimi təkliflər irəli sürülərək yerli səlahiyyətli şəxslərə müraciət olunub. “Təbriz imam cüməsi, Şərqi Azərbaycan valisi, məhkəmə məsulları və nəzarət orqanlarından xahiş olunur ki, əyalətin mədəni irsinin qorunub saxlanılması ilə bağlı yanlış idarəçilik və mümkün çatışmazlıqlara müdaxilə edib, bu zəmində üzərinə düşən məsuliyyəti yerinə yetirməyən şəxs və ya orqanlara qarşı lazımi tədbirlə alaraq baş verən problemin bir daha təkrar olmamasına şərait yaratsınlar.”- deyə bəyanatın son hissəsində qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN