Nadir Qazipur: “Futbol Federasiyası “İstiqlal” və “Perspolis” tərəfdarlarının türklərə qarşı təhqirlərinin qarşısını almalıdır”

Nadir Qazipur: “Futbol Federasiyası “İstiqlal” və “Perspolis” tərəfdarlarının türklərə qarşı təhqirlərinin qarşısını almalıdır”

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur stadionlarda türklərin təhqir olunması və məsulların bu hərəkətə səssiz qalması məsələsinə toxunaraq bildirib ki, bunların gücü elə biz türklərə çatır.


O bu barədə avqustun 23-də “Borna” xəbər agentliyinə danışıb.


“Yarışlar elə keçirilməlidir ki, heç bir oyunçu və ya komanda tərəfdarı hədəfə alınaraq təhqir olunmamalıdır. Məsullardan istəyirəm ki, “İstiqlal” və “Perspolis” digər şəhərlərin komandaları ilə qarşılaşanda qövmlərin təhqir olunmasına icazə verilməsin”- deyə o bildirib.


Azərbaycanlı millət vəkili “İstiqlal” və “Perspolis” tərəfdarlarının son vaxtlar türklərin ünvanına söyüşlər səsləndirməsinə işarə edərək qeyd edib ki, “biz bu iki komandanın oyunlarında dəfələrlə belə təhqirlərə şahid olmuşuq. Əgər stadionlardakı məsələlərə qarşı hansısa tədbir alınırsa, o tədbir bu hadisələri başladana qarşı yönəlməlidir. Nə üçün onların gücü hər zaman biz türklərə çatmalıdır?!”


İran Futbol Federasiyasının İnzibati Komitəsi 18-ci super liqa yarışlarının 3-cü həftəsində Təbrizin “Traxtur” və Tehranın “İstiqlal” komandalarının görüşündə baş verən hadisələrlə bağlı hökm çıxarıb, hökmdə tərəfdarlarının irqçiliyə yol verdiyi “İstiqlal” klubu deyil, Azərbaycanın “Traxtur” klubu cəzalandırılıb.


Avqustun 10-da Tehranın Azadi stadionunda “İstiqlal”la “Traxtur” komandaları arasında keçirilən görüşdə hər zaman olduğu kimi, yenə də Azərbaycan türk milləti və “Traxtur” tərəfdarları təhqir olunub. “İstiqlal” tərəfdarları əvvəldən planlaşdırılmış bir şəkildə dəfələrlə “ölüm olsun türkə” şüarı səsləndirib, türk millətinin ünvanına müxtəlif söyüş və təhqiramiz ifadələr dilə gətiriblər. “İstiqlal”çılar həmçinin “Traxtur” komandasının tərəfdarlarını daşa tutub, onlara tərəf müxtəlif əşyalar atıblar. Bütün bu hadisələr polis əməkdaşlarının gözü qarşısında baş verib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN