Nadir Qazipur: “Gölə ayrılan vəsait Urmu Gölünü Canlandırma Mərkəzinin bəzi məsulları tərəfindən mənimsənildi”

Nadir Qazipur: “Gölə ayrılan vəsait Urmu Gölünü Canlandırma Mərkəzinin bəzi məsulları tərəfindən mənimsənildi”

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölü böhranının dərinləşməsində Urmu Gölünü Canlandırma Mərkəzinin məsullarının xüsusi rol oynadıqlarını bildirib.

 

O bu barədə “Təsnim” xəbər agentliyinə verdiyi müsahibədə danışıb.

“Cari ildə Urmu gölündə vəziyyətin yaxşılaşması Allahın mərhəməti sayəsində artan yağıntıların hesabına baş verdi və göldə suyun səviyyəsi ötən ilə nisbətən xeyli artdı. Lakin bu prosesə Urmu Gölünü Canlandırma Mərkəzinin projeləri heç bir təsir etməyib. Ona görə ki, günümüzə qədər bu projelərin icrasına başlanılmayıb.”- deyə o bildirib.

 

Nadir Qazipur gölün canlandırılması üçün ayrılan vəsaitin Urmu Gölünü Canlandırma Mərkəzinin məsulları tərəfindən mənimsənildiyini diqqətə çatdırıb. O bildirib ki, bu mərkəzi “Ölüm Mərkəzi” adlandırmaq daha yaxşı olardı. Ayrılan vəsait ölümlə üzləşən gölü su ilə təmin etmək yerinə Urmu Gölünü Canlandırma Mərkəzinin bəzi məsulları tərəfindən mənimsənildi. Bu pul onlar üçün böyük sərmayəyə çevrilsə də göldə vəziyyət dəyişmədi. Böhranla əlaqədar hətta əyalətdə bir sıra iqtisadi layihələr icra olunmadı və istehsal sahəsində durğunluq yarandı. Nəticədə əyalətdə müxtəlif sahələrə sərmayə yatırmaq istəyən xarici iş adamları da fikirlərini dəyişərək bölgəni tərk etdilər.

 

Azərbaycanlı millət vəkili Urmu Gölünü Canlandırma Mərkəzini bölgədə su bəndlərinin tikilməsinin qarşısını almaqda da günahlandırıb. O vurğulayıb ki, bu məsələ bölgə əhalisinə çoxlu ziyan vurub. Əgər ehtiyac olan yerlərdə bənd inşa edilsəydi, bu qədər su hədər getməzdi və yeraltı suların artmasına şahid olardıq.

 

Qeyd edək ki, Urmu gölü uzun illərdir ki, böhran içindədir. Gölün canlandırılması bölgə əhalisi və güney azərbaycanlılar tərəfindən israrla tələb olunsa da bu barədə dövlət tərəfindən heç bir addım atılmır. Sözdə gölün bərpa edilməsi üçün yaradılan Urmu Gölünü Canlandırma Mərkəzi isə bir neçə projenin üzərində işlədiyini iddia edir, lakin onlardan heç birinin icrasına başlanılmır. Bu vəziyyətə əhali ilə yanaşı bəzi yerli millət vəkilləri də vaxtaşırı etiraz bildirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN