Nadir Qazipur: “Məsullar millətin adından danışmasın”

Nadir Qazipur: “Məsullar millətin adından danışmasın”

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Azərbaycan əhalisinin adından danışan bəzi məsulları tənqid edib.

 

O bu barədə oktyabrın 29-da “Nedaye Urmiyə” xəbər agentliyinin müxbiri ilə danışıb.

 

“Azərbaycan əhalisinin hökumətdən razı olduğunu deyənlər, hökumətin son 5 ildəki fəaliyyətinə nəzər salsınlar. 

Qərbi Azərbaycan Əyaləti məşğulluq, adam başına düşən gəlir və təhsil sahəsində ölkə üzrə sonuncu yerlərdədir. Kimsə belə bir vəziyyətə görə hökumətə minnətdar olmaq istəyirsə, olsun. Lakin onun əhalinin dilindən danışmaq haqqı yoxdur”- deyə o bildirib.

 

Millət vəkili sözlərinin davamında hökumətin konkret olaraq Azərbaycan üçün heçnə etmədiyini ortaya qoyub.

“Azərbaycan nə üçün hökumətə minnətdar olmalıdır?! Bəlkə hökumət milli pulun dəyərini qoruyub saxlayıb? Bəlkə ucuzluq yaranıb və əhalinin ev problemi öz həllini tapıb? Yoxsa işsizlik problemi aradan qaldırılıb və ixracat işləri sadələşdirilib?

Hökumət nəinki Urmu gölünü canlandırmaq kimi verdiyi vədlərin heç birini yerinə yetirməyib, hətta universitetləri yerliləşdirməklə əhali üçün əlavə problem də yaradıb.

Ona görə də əhalinin dilindən hökumətə təşəkkür edənlər bilsinlər ki, Azərbaycan əhalisi, hətta bizim Urmiyə sizi özünə sözçü seçməyib”- deyə o vurğulayıb.

 

Millət vəkili sözlərində heç bir şəxsin adını çəkməyib, o bütün məsullara xitabən danışıb.

 

Nadir Qazipur oktyabrın 27-də parlamentdə Tehranın millət vəkili Mahmud Sadiqinin Vərziğanın Süngün Mis Mədəni ilə bağlı çıxışına da sərt reaksiya verib.

 

Mahmud Sadiqi Süngün Mis Əritmə və Emalı Zavodunun tikilməsini faciə adlandıraraq ona qarşı çıxış edib.

“İş yeri yaratmaq və xammal satışının qarşısını almaq bəhanəsi ilə belə bir zavodun tikilməsi Urmu gölü böhranından daha böyük faciədir. 5 min milyard tümən xərcləyib 500 nəfər üçün iş yeri yaratmaq istəyirlər, bu qəbulolunmazdır”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili Nadir Qazipur isə Tehranın millət vəkilinə sərt cavab verib.

“İcazə vermərik kimsə Azərbaycanın mənafeyinə əl uzatsın. Süngün Mis Zavodunun tikilməsi Azərbaycan əhalisinin haqqıdır.

Məzlum azərbaycanlılar bu günə qədər bu mədənin zəhər və toz-torpağını yeyiblər. Başqaları (Kirman əhalisi nəzərdə tutulur) isə mədənin bürünc və misindən istifadə edib.

Bəzi millət vəkilləri öz çıxışlarında Azərbaycan əhalisini təhqir edir, parlamentin sədrindən onlara xəbərdarlıq edilməsini gözləyirik”- deyə Urmiyənin millət vəkili vurğulayıb.

 

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Lakin İran rejiminin ayrı seçkilik siyasəti nəticəsində Azərbaycan əhalisi bu mədəndən bəhrələnə bilmir. Mədənin məhsulu xammal kimi Kirman və digər fars bölgələrinə daşındığı üçün ondan qaynaqlanan maddi gəlir bölgə əhalisinə nəsib olmur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN