Nadir Qazipur: Urmiyədə dəmyə torpaq sahələri suvarılan torpaqlara çevrilir

Nadir Qazipur: Urmiyədə dəmyə torpaq sahələri suvarılan torpaqlara çevrilir

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərdə dəmyə torpaq sahələrinin suvarılan torpaqlara çevrilməsindən narahatlığını bildirib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

“Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri, Urmu Gölünü Canlandırma Mərkəzinin katibliyini Tehranın Şərif Sənaye Universitetinə tapşırıb. Ona görə də məsullar saraylarda oturub Urmu gölü ilə bağlı qərar qəbul edirlər. Bu yaxşı nəticə verməz”- deyə o bildirib.

 

Millət vəkili əlavə edib ki, hazırda Nazlı və Baranduz məntəqələrində onların payına düşən miqdardan daha çox su istifadə olunur. Bunun nəticəsində dəmyə torpaq sahələri suvarılan torpaqlara çevrilir.

 

Nadir Qazipurun sözlərinə görə, bölgədə suvarılan torpaq sahələrini yalnız bir şərtlə genişləndirmək olar.

“Nazlı və Baranduz məntəqələrində bağ sahələri suyun hesabına artır. Doğrudur, bağ sahələri qum fırtınası baş verdiyi zaman müəyyən qədər ziyanlı küləyin qarşısını ala bilər.

Bütün hallarda əgər məntəqədə əlavə su varsa, dəmyə torpaq sahələrinin suvarılan suya çevrilməsinə razıyıq, əks halda buna qarşıyıq və bu işlərin qarşısı alınmalıdır”- deyə millət vəkili vurğulayıb.

 

Urmiyə ətrafında yerləşən Urmu gölündə uzun illərdir böhran yaşanır, artıq gölün 95 faizi quruyub. Dövlətin bölgədə suyun istifadəsinə nəzarət etməməsi, qanuni və qanunsuz su quyularının qazılması və ən əsası çox sayda bəndin tikilməsi göldəki böhranı günü-gündən dərinləşdirir. Azərbaycan əhalisi və bəzi yerli millət vəkilləri bu məsələyə dəfələrlə etiraz ediblər, lakin dövlətin mövqeyində heç bir dəyişiklik müşahidə olunmur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN