Nadir Qazipur və Hadi Bahaduridən Urmu gölünün dərsliklərdən ləğv olunmasına etiraz

Nadir Qazipur və Hadi Bahaduridən Urmu gölünün dərsliklərdən ləğv olunmasına etiraz

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkilləri Nadir Qazipur və Hadi Bahaduri Urmu gölünün məktəblilərin dərsliklərinin üz qabığından ləğv olunmasına kəskin etiraz bildiriblər.

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan Nadir Qazipur təhsil nazirindən məsələyə aydınlıq gətirməsini tələb edib.

“Bu məsələ gündəmdədir, hətta müəyyən cavablar da verilib, lakin heç bir şəkildə qaneedici deyil. Təhsil naziri parlamentdə məsələyə aydınlıq gətirməlidir. Urmu gölünün İran xəritəsindən ləğv olunması ilə əlaqədar Mülkiyyət və Sənədlərin Qeydiyyatı Təşkilatı və Təhsil Nazirliyinin qərarı qəbuledilməzdir”- deyə o bildirib.

 

Nadir Qazipur sözlərinin davamında deyib: “Bundan əvvəl Mülkiyyət və Sənədlərin Qeydiyyatı Təşkilatı bir sıra sənədlərdə Urmu gölünü İran xəritəsindən silmişdir. Bu yanlışlıq indi də Təhsil Nazirliyi tərəfindən təkrar olunur. Bu hərəkət qətiyyən qəbuledilməzdir.”

 

Güney azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyan məsələyə Urmiyənin digər millət vəkili Hadi Bahaduri də reaksiya verib. O “Təsnim” xəbər agentliyi ilə danışığında bu işə görə təhsil nazirinə yazılı xəbərdarlıq ediləcəyini təkidlə vurğulayıb.

“Bu hadisə heç bir şəkildə baş verməməlidir. Ona görə ki, Urmu gölü vəziyyətindən asılı olmayaraq ölkə üçün böyük sərmayədir. Bununla bağlı təhsil nazirinə ciddi xəbərdarlıq ediləcək, bu iş yenidən təkkrar olunacağı təqdirdə ona sual ünvanlanacaq”- deyə millət vəkili bildirib.

 

Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, “Urmu gölünün ölkənin xəritəsindən ləğv olması məsələsi davam edərsə, bu o deməkdir ki, hadisə qəsdən baş verir. O zaman məsələ araşdırılmalı və bu işə səbəb olanlar cavabdeh olmalıdılar. Hamı gölün yenidən canlanması üçün cəhd göstərməlidir. Dövlət də bu istiqamətdə  nəzərdə tutulan layihələrin icrasına dəstəyini artırmalıdır.”

 

İran Urmu gölünün qurumasını adi və təbii bir hadisə kimi qələmə verib hətta unutdurmağa çalışdığı bir halda, bəzi ölkələr, o cümlədən Avstraliyada Urmu gölünün quruması prosesi dərsliklərə salınıb. Dərslikdə Urmu gölü böhranı insanın yanlışı və təbiətə müdaxiləsinin nəticəsi kimi göstərilir.

 

İkinci sinifin dərsliyinin üz qabığı - Urmu gölü silinib

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN