Nadir Qazipurdan təhsil nazirinə sual: “Türk dilinin tədrisi hansı səbəbdən qadağandır?”

Nadir Qazipurdan təhsil nazirinə sual: “Türk dilinin tədrisi hansı səbəbdən qadağandır?”

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ötən günlərdə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu deyən təhsil naziri Məhəmməd Bəthayiyə sual ünvanlayıb.

 

Millət vəkili nazirə ünvanladığı sualı Parlamentin Rəyasət Heyətinə yazılı şəkildə təqdim edib.

 

Məktubda sualın xülasəsi kimi qeyd olunub ki, “Nə üçün məktəblərdə türk dilinin tədrisi məsələsi hələ də qeyri-müəyyən vəziyyətdədir? Ölkənin 40 faizini təşkil edən bir qövmün dili hansı səbəbdən tədris olunmur?”

 

Millət vəkili yazdığı məktubda ilk öncə təhsil nazirinin qeyri-fars dilləri haqda çıxışı və ölkə konstitusiyasının yerli dillərin tədrisini azad edən 15-ci maddəni xatırladıb. Bildirilib ki, “ölkə əhalisinin 40 faizini əhatə edən bir dil islami İranın mədəniyyət və ədəbiyyatının böyük hissəsini özündə ehtiva edir. Siz isə bu zəngin mədəniyyəti qırmızı xətt adlandırırsınız!”

 

“2016-cı ildə Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasi üzrə öyrənci qəbul olundu, lakin məktəblərdə bu istiqamətdə hərhansı addım atılmayıb. Türk dili ədəbiyyat, elm, tarix və mədəniyyət xəzinəsidir və ölkə əhalisinin sayı baxımından iranlıların ikinci dilidir.

İslami İran hər zaman ölkədəki qövmlərin kimliyinə söykənib. Belə bir vəziyyətdə ölkənin rəsmi dili ilə yanaşı məktəblərdə ana dillərinin tədris olunmasını qırmızı xətt adlandırmağın səbəbi nədir?”- deyə N.Qazipur təhsil nazirinə ünvanladığı sualda bildirib.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN