Öyrəncilərin etirazı nəticəsində tədrisi dayandırılan türk dili və ədəbiyyatı dərslikləri yenidən bərpa olunub – Urmiyə Sənaye Universitetində

Öyrəncilərin etirazı nəticəsində tədrisi dayandırılan türk dili və ədəbiyyatı dərslikləri yenidən bərpa olunub – Urmiyə Sənaye Universitetində

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Urmiyə Sənaye Universiteti öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan türk dili və ədəbiyyatı dərsliklərinin tədrisi dayandırılmışdır, son məlumata görə, dərsliklərin yenidən tədrisinə başlanılıb.

 

Bu, türk öyrəncilərinin universitet məsullarının qanunsuz qərarına qarşı dirənişindən sonra mümkün olub. Bildirilib ki, öyrəncilər fevarın 13-dən sözügedən dərslikləri yenidən seçə bilərlər.

 

Uydurma bəhanələr səbəbindən türk dili və ədəbiyyatı dərsliklərinin ləğv olunması universitetin türk öyrənciləri tərəfindən kəskin etirazla qarşılanmışdır.

 

Bundan əvvəl Universitetin rəis müavini Dr. Vəhid Sluk bu semestrdə türk dili və ədəbiyyatı dərsliklərinin ləğv olunmasını yeni proqramların tənzimləməsi üçün yetəri qədər fürsət olmaması ilə əlaqələndirmişdir.

 

Universitet öyrəncilərin etirazından sonra bəyanat yayaraq elan edib ki, nəzərdə tutulan limitə çatacaq sayda könüllü öyrənci olarsa, türk dili və ədəbiyyatı dərsliyi tədris olunacaq. Bundan sonra bir neçə saat ərzində sözügedən dərslikləri seçən öyrəncilərin sayı 110 nəfəri keçib və universitet rəhbərliyi qərarını dəyişməyə məcbur olub.

 

Oxşar hadisə keçən ay Binab Universitetində baş vermişdir, lakin bu dəfə də öyrəncilərin dirənişi nəticəsində türk dili və ədəbiyyatı dərslikləri yenidən bərpa olunmuşdur.

 

İran konstitusiyasının 15-ci maddəsinə görə, məktəblərdə fars dili ilə yanaşı yerli dillərin tədris olunması azaddır. Buna baxmayaraq İranda heç bir məktəbdə Azərbaycan türkcəsi tədris olunmur. Ali təhsil müəssisələri arasında isə yalnız Təbriz Universitetində 3 il əvvəl türk dili və ədəbiyyatı ixtisası yaradılıb. Lakin öyrəncilərin bu ixtisası seçməsi üçün məsullar tərəfindən müxtəlif manelər törədilir.

 

Bundan əlavə, Güney Azərbaycanın bir neçə universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN