Parsabadda ictimaiyyətin geniş etirazı nəticəsində “Qırx pillə” şəlaləsinin təhrif edilmiş adına düzəliş edilib

Parsabadda ictimaiyyətin geniş etirazı nəticəsində “Qırx pillə” şəlaləsinin təhrif edilmiş adına düzəliş edilib

GünAz TV: Xəbər verdiyimiz kimi, təxminən iki həftə əvvəl Muğanın Parsabad şəhərində türk dilində “Qırx pillə” şəlaləsi adlanan yerin adı fars dilinə tərcümə edilərək “Çehel pelle” sözü ilə dəyişdirilib. Lakin əhalinin kəskin etirazına səbəb olan məsələ artıq öz həllini tapıb.

 

Mədəni İrs Təşkilatı Dostkəndi kəndinin turizm bölgəsi sayılan məntəqəsində təhrif edilmiş adla lövhə də quraşdırmışdır. Lakin “Qırx pillə” şəlaləsinin “Çehel pelle” adlandırılması soydaşlarımızın kəskin etirazı ilə qarşılandı. Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin qaldırılması və türkcə olan adın yenidən bərpa edilməsini tələb etdilər.

 

İctimaiyyətin hiddət və geniş etirazı nəticəsində aprelin 10-da Dostkəndi kəndinin Şurası Mədəni İrs Təşkilatı tərəfindən quraşdırılan lövhədə düzəliş edərək “Qırx pillə” adını yenidən bərpa edib.

 

Ötən ay oxşar hadisə Ərdəbil şəhərində baş vermişdir. Şəhərin Bələdiyyə İdarəsi “Rasta unçu meydanı”nın adını təhrif edərək onu fars dilinə tərcümə etmişdir.

 

Türkcə olan yer adlarının fars sözləri ilə dəyişdirilməsi şübhəsiz ki, İran rejiminin Azərbaycan türklərinə qarşı tətbiq etdiyi asimilasyon siyasəti ilə bağlıdır. Coğrafi məkanların adının dəyişdirilməsi faktına Güney Azərbaycanın bütün bölgələrində rast gəlinir. Bu proses soydaşlarımızın kəskin etirazı ilə qarşılansa da, rejim tərəfindən davam etdirilir.

 

Bundan əvvəl Ərdəbil Şəhər Şurasının üzvü Cavad Ənsari, Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi və Təbriz 8 saylı Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad kimi bəzi yerli məsullar Azərbaycan şəhərlərində türkcə olan yer adlarının dəyişdirilməsinə etiraz bildirib, bunun şəhərlərin kimliyinə xələl gətirdiyi barədə xəbərdarlıq ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN