Prezident Həsən Ruhaninin müşaviri Ərdəbilin “Heyran gədiyi”nə səfər edib

Prezident Həsən Ruhaninin müşaviri Ərdəbilin “Heyran gədiyi”nə səfər edib

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Azərbaycandan ayrılıb Gilan Əyalətinə ilhaq edilməsi istiqamətində müxtəlif addımlar atılır, hökumət rəsmiləri bunun üçün psixoloji və hüquqi zəmin yaratmağa çalışır.

 

Məlumata görə, prezident Həsən Ruhaninin müşaviri və Milli Kitabxana və Sənədlər Təşkilatının rəisi Əşrəf Brucerdi ərazinin Gilana aid olduğuna dair fikir formalaşdırmaq məqsədi ilə Gilan rəhbərliyi ilə birlikdə “Heyran gədiyi” məntəqəsinə səfər edib. Cümə günü baş tutan səfərdə prezidentin müşavirini Gilan valisinin müavini Əli Əsğər Cəmşidnəjad, Gilan Milli Kitabxana və Sənədlər Mərkəzinin müdiri Jalə Həssasxah, Astaranın yerli olmayan İcra Hakimiyyəti başçısı və daha bir neçə rəsmi şəxs müşayiət edib.

 

Ə.Brucerdi və onu müşayiət edən heyət Nəmin tunelinin başlanğıc nöqtəsinə səfər ediblər. Bu ərazi dəqiq olaraq o yerdir ki, Gilan rəhbərliyi və hökumət rəsmiləri Gilanın giriş darvazasını orada inşa etmək istəyirlər.

 

Dövlətin rəsmi kütləvi informasiya vasitələri bildirib ki, səfərdən məqsəd  Gilan Əyalətinin ərazisinə baxış keçirmək olub. Məsullar bununla “Heyran gədiyi”nin Gilan Əyalətinə aid olduğuna dair psixoloji zəmin yaratmağa çalışırlar.

 

Ə.Brucerdi səfər zamanı “Astara şəhəri tarixi sənədlərinin sərgi”sinin açılış mərasimində də iştirak edib. Bu sərgidə  Astaranın Azərbaycana deyil, Gilan Əyalətinə aid olduğuna dair saxta sənədlər nümayiş etdirilir.

 

Son vaxtlar “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirilməklə bağlı cəhdlər artıb. Azərbaycanlılar isə baş verən hadisələrə müxtəlif formalarda etiraz bildirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN