Prof. Nəsib Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”

Prof. Nəsib Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”

GünAz TV: Prof. Nəsib Nəsibli deyir ki, “Quzeydə Sovet dövrü Azərbaycan tarixçiliyinin bəlalarından qurtulmaq lazimdir... Güneydə isə, tarix şüuru kimlik problemini çözmə missiyasını aşıb, tarixdən dərs alma missiyasına fokuslanmalıdır.”

 

Tarixçi alim “Amerikanın Səsi” ilə söhbətdə bu yaxınlarda Türkiyədə yayımladığı 700 səhifəlik “Azərbaycan Tarixi” adlı əsərini həmin anlayışa uyğun olaraq qələmə aldığını ifadə edir.

 

Cənab Nəsibli müsahibədə “Altınordu yayınları” vasitəsilə nəşr etdiyi “Azərbaycan Tarixi; Millət, Dövlət və Siyasət” kitabının məzmunu haqqında danışıb. O, həmçinin əsərin hazırlanmasında istifadə etdiyi tarixçilik metodunu açıqlayıb.

 

“Sovet dönəmində coğrafiyaya dayalı tarix konsepsiyasının hakim olması anlaşılandır. Bu Sovetlərin bildiyimiz ayır-buyur siyasətinin zərurətlərindən doğurdu. Sovet dövrü Azərbaycan tarixçiliyinin əsas bəlalarında ya naqisliklərindən biri də məhz elə bu idi. Ondan qurtulmaq lazimdir məncə. Müstəqil Azərbaycanda konsept dəyişməlidir. Onun üçün deyirik millətin tarixi daha önəmlidir,” Nəsib Nəsibli söyləyir.

 

Kitabda ‘necə oldu?’ deyil, ‘nədən oldu?’ sualına cavab axtarılıb

Ankara Universitetinin professoru son kitabının “tarixi-politoloji araşdırma” olduğunu önə çəkir:

“Bu əsər klassik tarxiçilikdən fərqli metoda dayanır. Klassik tarixçilik hər şeydən əvvəl ‘necə oldu?’ sualına cavab axtarır. Bu bir növ təsvirçi mirzəçilikdir... Halbuki, modern tarixçilik üçün ‘nədən belə oldu?’ sualı daha maraqlıdır. Bizimki tarixi-politoloji araşdırmadır.”

 

O, əlavə edir, “mən çalışdım bu metoddan istifadə edərək, ayıq, modern düşüncəli və sorğulama kültürünə malik soydaşlarımızı narahat edən aktual suallara cavab verim. Bu suallar hansılardır; biz kimik, haradan gəlib haraya gedirik? Niyə bu gündəyik? Çağdaş Azərbaycanın iki parçası arasında ortaq və fərqli cəhətlər hansılardır?

 

Sovet Azərbaycanı - ittifaq daxilində müstəqillik yoxsa sıravi bir müstəmləkə hadisəsi?

Tarixçi alimin dediklərinə görə, kitabda həmçinin Azərbaycan Respublikasında millətləşmə və dövlətləşmə prosesləri haqqında suallar tədqiq olunub:

“Sovet Azərbaycanında millətləşmə və dövlətləşmə sahəsində nələr oldu? Daha konkret sual: Sovet dönəmi, ittifaq daxilində müstəqillik modeli idi, yoxsa Çar Rusiyası zamanından formaca fərqli, amma məzmunca eyni, sıravi müstəmləkə hadisəsi idi?”

 

Azərbaycanın qədim tarixi ilə əlaqədar irəli sürülən “Albaniya xalqı” ya “Atropaten xalqı” nəzəriyyəsinin yanlış olduğunu ifadə edən tarixçi kitabda bu mövzu ilə bağlı suallara da yer verildiyini bildirir:

“Nədən Azərbaycan tarixini ya Azərbaycan türkləri tarixini ümumi türk tarixinin bir bölümü sayırıq? Nədən bu, daha doğru bir yanaşmadır?”

 

Nəsib Nəsibli yeni əsərində həmçinin İran Azərbaycanındakı milli hərəkatın müxtəlif dönəmlərində ortaya çıxan səhvlərdən dərs almağın önəminə diqqət çəkib.

 

Güney Azərbaycandakı tarix şüuru

 “Güney Azərbaycanda tarix şüuru kimlik problemini çözmə missiyasını aşmalı və Türklüyün ən az son yüzillik acı tarixi təcrübəsindən dərs almaq missiyasına fokuslanmalıdır,” deyə araşdırmaçı kitabında qeyd edib.

 

O, “Amerikanın Səsi”nə müsahibədə mövzunu ətraflı şəkildə açıqlayır.

“Doğrudur, tarix biz kimik sualına da cavab verməlidir. Bu da çox önəmli bir missiyadır. Özəlliklə millətləşmə prosesi yaşayan o xalqlarda bir qürur hissi də aşılamalıdır. Amma, məncə bu mərhələdən də keçməlidir. Yəni ciddi tarixçilik Məlik Məmməd nağılı səviyyəsinə enməməlidir,” Nəsibli söyləyir.

 

Onun söylədiklərinə görə, “qulağımıza xoş gələn fikirlərdən qafamızı qurcalayan fikirlərə keçmək gərəkdir. Məsələn nədir? Savaşlarda özünü qalib kimi göstərmək, və yaxud məğlub olubsa, bunu ikinci, üçüncü dərəcəli səbəblərlə izah etmək və ya xiyanətlərlə filan izah etmək.”

 

İranın bütövlüyü uğrunda aparılan mübarizə

Tarixin ən böyük missiyasının keçmiş səhvlərdən dərs almaq olduğunu vurğulayan alim deyir ki, “məsələn Güney Azərbaycanda da son yüz ildə milli hərəkat dövründə çox böyük səhvlər olub. Əgər biz ənənəvi qaydada, yalnız qarşımızda duran düşməni görüb, öz zəifliyimizi görməsək, tarixdən ibrət dərsi ala bilməyəcəyik.”

 

Kitabın Güney Azərbaycanla əlaqədar qismində “siyasi fədakarlıq və milli qəflət dönəmi”-ndən habelə, Məşrutə İnqilabı üçün “xərclənmiş enerji”-dən bəhs edilib.

 

Nəsib Nəsibli hesab edir ki, bu dönəmlərdə “milli hərəkat və onun fədakar insanları daha çox Qacar İranının bütövlüyü uğrunda mübarizə aparıblar.”

 

Tarixçinin söylədiklərinə əsasən, “Quzey Azərbaycanda milli hərəkat Güney Azərbaycandan fərqli bir yol ilə getdi... 20-ci əsrin əvvəllərində, əgər milli hərəkat və onun düşünən insanları, fədakar insanları Güneydə daha çox Qacar İranının bütövlüyü uğrunda mübarizə apardı isə, Quzeydə milli hərəkatın elə bir dərdi yox idi.”

 

O, həmin dövrdə, Arazın şimalında və cənubundakı şərtlərin tamamilə fərqli olduğunu vurğulayır.

 

İran türklüyünün məzlum millət durumuna düşdüyü dönəm

“Quzey Azərbaycan xristian və hər şeyi ilə fərqli bir Rusiya İmperiyasının içində özünə yol axtarırdı... Çox yad bir rejim içində yaşadığının fərqində idi. Amma Güney Azərbaycan bir ilğım içində idi. Bir xəyal içində idi. Məzlumiyyətini hələ dərk etmirdi, çünki məzlum vəziyyətdə deyildi,” Nəsibli bəyan edir.

 

Tarixçi alim İranda “türklərin məzlum millət durumuna” düşməyə başlamasından sonra milli hərəkatın yönünün də tədricən dəyişdiyini ifadə edir.

“Güney Azərbaycan hələ fars kültür orbitindən çıxa bilməmişdi. Daha doğrusu bizim Güney Azərbaycandakı oxumuş və ziyalı kəsim hələ oradan çıxmamışdı. Nə zaman bu orbitdən çıxma hadisəsi baş verdi? O zaman ki, artıq İran türklüyü məzlum millət durumuna düşdü və ikinci dərəcəli bir ünsürə çevrildi,” deyə Nəsib Nəsibli əlavə edir.

 

Müsahibənin Audiosunu qaynağımız olan aşağıdakı LİNK-dən dinləyə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/az%C9%99rbaycanda-co%C4%9Frafiya-%C9%99sasl%C4%B1-tarix-anlay%C4%B1%C5%9F%C4%B1ndan-mill%C9%99t-%C9%99sasl%C4%B1-tarix-anlay%C4%B1%C5%9F%C4%B1na-ke%C3%A7ilm%C9%99lidir-/4955707.html

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN