Qaradağ meşələrində baş verən yanğınla bağlı etirazlardan sonra bu idarənin rəisi vəzifəsindən kənarlaşdırıldı

Qaradağ meşələrində baş verən yanğınla bağlı etirazlardan sonra bu idarənin rəisi vəzifəsindən kənarlaşdırıldı

GünAz TV: Şərqi Azərbaycanın Təbii Ehtiyatlar İdarəsinin rəisi tutduğu vəzifədən kənarlaşdırılıb.

 

“Nəsr” agentliyinin yaydığı məlumata görə, Davər Namdar avqust ayında Qaradağ meşələrində yüzlərlə hektar meşənin məhv olunması ilə nəticələnən yanğın və son vaxtlar Azərbaycanda ağacların geniş miqyasda kəsilməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Məlumata əsasən, Davər Namdarın yerinə rəis təyin olunanadək Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi Əkbər Fəthi Təbii Ehtiyatlar İdarəsinə nəzarət edəcək. Bu barədə İranın Meşə, Otlaq və Suların İdarə edilməsi Təşkilatının rəisi Xəlil Ağayi qərar verib. Əkbər Fəthi idarəyə nəzarət etdiyi müddətdə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatındakı postunu qoruyub saxlayacaq.

 

Davər Namdar

 

Qeyd edək ki, avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verdi. Yanğın müəyyən rəsmi orqanların laqeyd münasibəti nəticəsində bir həftədən çox davam etdi. Tehrandakı səlahiyyətli məsullar birinci günlərdə yerli məsulların müraciətinə məhəl qoymadan hadisə yerinə su çiləyən helikopter göndərməkdən imtina etdilər. Bu səbəbdən geniş ərazini bürüyən yanğın yüzlərlə hektar meşə sahəsinin sıradan çıxmasına səbəb oldu.

 

Son vaxtlar Azərbaycanın müxtəlif meşələri, xüsusi ilə də Qaradağ meşələrində ağacların naməlum şəxslər tərəfindən kəsilərək əksəriyyətinin İranın şimal bölgəsinə daşındığı barədə çoxlu xəbər və materiallar yayıldı. Bu proses hələ də dayanmayıb. Bütün bunlar ətraf mühit tərəfdarları və azərbaycanlı fəalların kəskin etirazına səbəb oldu. Davər Namdar və onun bu günədək təmsil etdiyi idarə ağacların kəsilməsinin qarşısını almamaqda və yanğının söndürülməsində yetəri qədər fəaliyyət göstərməməkdə günahlandırılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN